Son zamanlar sosial şəbəkələrdə bir-birinin ardınca yayılan videolar cəmiyyətin diqqətini yenidən Dövlət Yol Polisi ilə bağlı müzakirələrə yönəldib. Əllərində telefon, ağızlarında təhqir dolu sözlər, maşın sükanında oturub yol polisi əməkdaşını videoya çəkən şəxslər guya ki, ədalət naminə bu “rüşvət faktlarını” üzə çıxarır, guya ki, xalqın hüquqlarını müdafiə edir. Amma sual edirəm: doğrudanmı bu çəkilişlər həqiqətin bütün üzünü göstərir? Yoxsa, bu “video qəhrəmanlar” öz qanun pozuntularını gizlətmək, məsuliyyətdən yayınmaq üçün ictimai rəyi aldatmağa çalışırlar?
Bu günkü yazımda bu cəmiyyətin – həm dövlətin, həm vətəndaşın – boynunda olan məsuliyyəti aydın göstərmək istəyirəm. Çünki məsələ nə təkcə polisdədir, nə də yalnız sürücüdə. Məsələ – bütöv bir ictimai şüurda, davranış mədəniyyətindədir.
Yol polisi vəzifə borcunu icra edir: vətəndaşın canını, malını, təhlükəsizliyini qoruyur. Yolun ortasında dayanıb, hərəkətə nəzarət edir, pozuntunun qarşısını alır, əksər hallarda da gecəsini gündüzünə qataraq cəmiyyətin təhlükəsizliyi üçün çalışır. Bəzən yağışda, bəzən 40 dərəcə istidə. Bəli, onların arasında da qanuna zidd hərəkət edənlər çıxa bilər. Çünki bu sistemdə də insan var. Lakin sual budur: bu videoların qəhrəmanları – maşınında sənəd olmayanlar, “prava”sız sükan arxasına keçənlər, sərxoş halda yollara çıxanlar, yolun ortasında təhlükə yaradanlar – doğrudanmı özlərini təmiz və haqlı sayırlar?
Nə üçün bu videoların heç birində tam qaydalara riayət edən sürücünün əsassız saxlanılması halları görünmür? Nə üçün hər çəkilişin əvvəlində polisin “niyə saxladım səni” sualına qarşı tərəfin verdiyi cavablar ya qeyri-müəyyəndir, ya da kobud təhqirlə ört-basdır edilir?
Bu gün sosial şəbəkədə bir telefonla “qəhrəman” olmaq çox asandır. Bir neçə saniyəlik video, bir emosional status – vəssalam, sən artıq “haqsız yerə cərimələnmiş vətəndaşsan”. Amma unutmayaq: əsl vətəndaş olmaq – qaydaya tabe olmaq, cəmiyyətin təhlükəsizliyini düşünmək və hüquqi yolla haqqını axtarmaqla ölçülür. Rüşvət faktı varsa – çək, sübut elə, aidiyyəti orqanlara təqdim et. Sənə qarşı haqsızlıq olubsa – məhkəməyə ver, hüquqi mübarizə apar. Amma polisə “sənə video çəkirəm, səni biabır edəcəm” demək – nə cəsarətdir, nə də ədalət.
Əslində belə davranışlar təkcə yol polisini deyil, bütöv bir dövlətin hüquq sistemini nüfuzdan salmağa, cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edir. Bu, təsadüfi deyil. Belə tendensiyalar, xüsusilə xarici təsirlər altında yönləndirilən şəbəkələr tərəfindən dəstəklənə bilər. Məqsəd – sistemə nifrət oyatmaq, qanuna olan inamı sarsıtmaqdır.
Gəlin, bir reallığı da etiraf edək: bəzən “əlimdən qurtarsın” deyə rüşvəti təklif edən elə sürücünün özüdür. “Yaxşılığa çevir” deyib 10 manat uzadan da var, “cərimə yazma, benzin pulum yoxdu” deyib bəhanə gətirən də. Belə olan halda, günahı yalnız polisə yükləmək doğrumu? Bu münasibət korrupsiya sistemini birgə yaradan, amma məsuliyyəti bir tərəfə atan bir toplumun nəticəsidir.
Dövlət Yol Polisi – bu ölkənin simalarından biridir. Onun nüfuzu xalqın dövlətə olan inamını formalaşdırır. Əgər bu gün biz onların hamısını bir videoya görə “rüşvətxor” adlandırırıqsa, sabah hansı dövlət qurumuna inanacağıq? Axı bu insanlar da bizim aramızdadır – ailə saxlayan, övlad böyüdən, vətən üçün çalışan şəxslərdir.
Əziz oxucu, gəlin unutmayaq ki, dövlət təkcə qanunla yox, həm də vicdanla idarə olunur. Vicdanı olan polis – heç vaxt rüşvət almaz. Vicdanı olan sürücü – heç vaxt qayda pozmaz. Bu gün biz yol polisinin əleyhinə yayılmış videolara baxanda sual verməliyik: “Bu insan qanuna tabe olmuşdumu?” Yoxsa, sadəcə məsuliyyətdən yayınmaq üçün kamera arxasına sığınıb, cəmiyyətin hissləri ilə oynayır?
Hər kəsin başında mavi işıq yanmır – amma hər kəsin içində yanan vicdan işığı var. O işığı söndürməyək.
Tural Kəlbəcərli
102info.az xəbər agentliyinin rəhbəri, ‘Qızıl Qələm’ mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ‘Qəhrəman Azərbaycan Polisi’ kitabının müəllifidir.
102info.az
