
Futbol üzrə Dünya Çempionatında pley-off mərhələsinin ən dramatik qarşılaşmalarından biri baş tutub. Argentina milli komandası Misir yığması ilə gərgin mübarizə şəraitində keçən matçda qələbə qazanaraq adını 1/4 finala yazdırıb.
Patrul.az xəbər verir ki, görüş “tanqoçular” üçün heç də uğurlu başlamayıb. Matçın gedişində iki top fərqi ilə geriyə düşən son dünya çempionları oyunun son dəqiqələrində inanılmaz geri dönüş nümayiş etdiriblər.
Qarşılaşmanın 79-cu dəqiqəsindən etibarən ardıcıl qollar vuran Argentina futbolçuları meydandan 3:2 hesablı qələbə ilə ayrılmağı bacarıblar. Bu qələbə Argentinanı turnirin ən güclü 8 komandası sırasına yüksəldib.
Görüş bərabər səviyyəli hücumlarla başlayıb. Matçın 15-ci dəqiqəsində Marvan Attianın ötürməsini qola çevirən Yasser İbrahim Misir yığmasını hesabda önə keçirib (0:1). Buraxılan qoldan sonra hücumları kəskinləşdirən Argentina 21-ci dəqiqədə penalti qazanmaq şansı əldə edib. Lakin topun başına keçən kapitan Lionel Messi zərbəni uğursuz yerinə yetirərək tarazlığı bərpa edə bilməyib. Bu uğursuzluq Messinin dünya çempionatları tarixində növbəti bir antirekorda şərik olmasına səbəb olub.
İkinci hissədə Afrika təmsilçisi şok qolla fərqi artırıb. 67-ci dəqiqədə Heisem Həsənin assistini Mostafa Ziko qolla tamamlayaraq hesabı 0:2 edib və Argentinanı çətin vəziyyətə salıb. Lakin oyunun son 15 dəqiqəsi futbolda nadir görünən dramatik hadisələrlə yadda qalıb. Geri dönüşün fitilini 79-cu dəqiqədə Lionel Messinin ötürməsindən sonra Kristian Romero yandırıb (1:2).
Cəmi 5 dəqiqə sonra, 84-cü dəqiqədə Qonsalo Montielin ötürməsindən sonra Leo Messi özü səhnəyə çıxaraq qaçırdığı penaltinin əvəzini çıxıb və hesaba tarazlıq gətirib (2:2).
Hər kəsin oyunun əlavə vaxta gedəcəyini düşündüyü bir məqamda, 90+2-ci dəqiqədə Lautaro Martinesin ötürməsini dəqiq dəyərləndirən Enzo Fernandes yekun nöqtəni qoyub (3:2).
Bu qol Argentinaya turnirin ən güclü 8 komandası sırasına yüksəlmək imkanı verib.
Qeyd edək ki, bu qələbə ilə 1/4 final vəsiqəsini rəsmiləşdirən Argentina növbəti mərhələdə İsveçrə – Kolumbiya cütünün qalibi ilə üz-üzə gələcək.
102info.az
