Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 102info.az-a verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə uşaqların küçə və yollarda təhlükəsizliyinin qorunması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.
“Diqqət, uşaqlar!” devizi altında keçirilən təhlükəsizlik aylığı çərçivəsində Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən rayonun 6 nömrəli tam orta məktəbində məktəblilər üçün maarifləndirici görüş təşkil olunub.
Tədbirdə polis əməkdaşları uşaqlara yol hərəkəti qaydalarını sadəcə bilmək deyil, onlara gündəlik həyatda düzgün əməl etməyin vacibliyini izah ediblər.
Görüş zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, küçə və yollarda bir anlıq diqqətsizlik ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan piyadaların, xüsusilə azyaşlıların yol hərəkəti qaydalarına ciddi əməl etməsi mühüm əhəmiyyət daşıyır.
Polis əməkdaşları şagirdlərə piyada keçidlərindən düzgün istifadə, nizamlanan və nizamlanmayan keçidlərdə davranış qaydaları, işıqfor siqnallarının tələbləri, yol nişanlarının əhəmiyyəti, sürücü-piyada münasibətləri barədə ətraflı məlumat veriblər.
Həmçinin velosiped və elektroskuter istifadəçilərinin yollarda təhlükəsiz hərəkəti, sərnişinlərin nəqliyyat vasitələrində təhlükəsizlik kəmərindən istifadə etməsi və uşaqların avtomobildə daşınması zamanı təhlükəsizlik tələblərinə riayət olunmasının vacibliyi xüsusi vurğulanıb.
Maarifləndirici söhbət zamanı məktəblilərə yolu keçərkən mobil telefondan istifadə etməmək, diqqəti yayındıran hərəkətlərdən çəkinmək, avtomobil yoluna qəfil çıxmamaq və yalnız təhlükəsiz keçidlərdən istifadə etmək tövsiyə olunub.
Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı onları maraqlandıran sualları polis əməkdaşlarına ünvanlayıb, suallar ətraflı cavablandırılıb.
Görüşün sonunda uşaqlara bir daha xatırladılıb ki, yol hərəkəti qaydalarına əməl etmək ilk növbədə insan həyatının qorunmasına xidmət edir.
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində keçirilən bu cür maarifləndirici tədbirlər uşaqların yol hərəkəti təhlükəsizliyi barədə biliklərinin artırılmasına, onlarda məsuliyyətli davranış vərdişlərinin formalaşdırılmasına və mümkün yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına mühüm töhfə verir.









102info.az
