
27 Sentyabr – Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov Bakı şəhərində yerləşən Zəfər parkını ziyarət ediblər.
Xidmət rəisləri Zəfər parkında yerləşən memorial kompleksin girişindəki abidənin önünə gül dəstələri düzərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Anım mərasimində Vətən uğrunda şəhid olan qəhrəmanların keçdiyi şərəfli döyüş yolu, onların Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq qəhrəmanlıqları bir daha ehtiramla xatırlanıb.
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının tarixində xüsusi mənəvi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü xatırlatmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda həyatını fəda edən şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın ifadəsidir.
Zəfər parkında ucaldılan memorial kompleks Vətən müharibəsində əldə edilən tarixi Zəfərin, şəhidlərimizin qəhrəmanlığının və Azərbaycan xalqının milli iradəsinin rəmzlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərini heç zaman unutmayacaq. Onların əziz xatirəsi daim uca tutulacaq, qəhrəmanlıq salnaməsi isə gələcək nəsillərə örnək olacaq.
Şəhidlərimizin müqəddəs ruhu qarşısında ehtiramla baş əyir, onların ailələrinə və yaxınlarına dərin hörmət və ehtiramımızı bildiririk.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
102info.az
