Xaçmaz polisi xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlər həyata keçirir.
Azərbaycanda ictimai təhlükəsizlik elə etibarlı qorunan ölkələr sırasındadır ki, bir sıra ölkələrlə müqayisədə hər 100 min nəfərə düşən cinayətlərin sayı 40-50 faiz aşağıdır.
Ulu öndərimiz haqlı olaraq qeyd edirdi ki, polis işi böyük məsuliyyət tələb edən peşədir. Bu peşəyə yiyələnən insan cəmiyyətin və ətrafında olan hər bir fərdin təhlükəsizliyinə cavabdehlik daşımaq, bunun üçün hətta həyatını belə əsirgəməmək məsuliyyətini üzərinə götürür. Çünki təhlükəli əməlin elə ilk anda müəyyən edilib qarşısının alınması polisin əsas vəzifələrindən biridir. Polis gözləmir ki, xırda bir inzibati xəta cinayətə çevrilsin.
Ulu Öndərimizin bu sözlərindəki həqiqəti dərindən dərk edən və tövsiyələrini əldə rəhbər tutan 105 yaşlı Azərbaycan Polisinin qabaqcıl dəstələrindən biri də Xaçmaz rayon Polis Şöbəsinin şəxsi heyətidir.
Dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyinin fəaliyyətinin və infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən maddi-texniki bazasının və qabaqcıl texnologiyalarla təchizatının müasir dövrün tələblərinə və standartlarına cavab verən səviyyəyə çatdırılması, əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilmiş tədbirlərdən Xaçmaz polisinə də əhəmiyyətli pay düşüb.
Rayonda hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlıqlarının etibarlı təmin olunması üçün davamlı tədbirlər həyata keçirilir. Professionallığını yeni keyfiyyət səviyyəsinə yüksəldən Xaçmaz polisinin şəxsi heyətinin üzvləri planlı şəkildə DİN-nin Təlim Mərkəzində və Polis Akademiyasında ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb olunur, başqa ölkələrdə keçirilən treninq və konfranslarda iştirak edirlər.
Xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlüyün, prinsipiallığın və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini başa düşən Xaçmaz RPŞ-nin şəxsi heyəti cinayətlərin açılmasını yüksək səviyyədə saxlayır, hüquqpozmaların profilaktikasını daha da yaxşılaşdırır, əməkdaşların mürəkkəb şəraitdə xidmət aparmaq bacarıqlarını artırır, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirləri həyata keçirir. Rayon polisi cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparır, cinayətkar qrup və dəstələr zərərsizləşdirilir, əllərdə qanunsuz saxlanılan odlu silahlar yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 90 faizinin açılması təmin olunub, axtarışda olan çoxlu sayda təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən xeyli miqdarda narkotik vasitə çıxarılıb. Eləcə də cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakı artıb, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatlar keçirilib.
Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin icrasının səmərəliliyi yüksəlib.
Xaçmaz RPŞ-nin rəhbərliyi əlinə düşən hər fürsətdə – KİV-dəki çıxışlarında, ictimai tədbirlərdəki nitqlərində xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin uğurlarına sevinən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarının və medianın nümayəndələrinə təşəkkürünü bildirir.
Əmin olmağa dəyər ki, öz andına həmişə sadiq olan Xaçmaz polisi bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.
Müəllif: Yusif İbadov
102-ci qəzetin redaktor müavini
“Qızıl Qələm” mükafatı laureatı
www.102info.az
