
Dəyərli həkim, əziz dost – Dursun Əliyevin doğum günü münasibətilə təbrik.
Bu gün ömrünü insan sağlamlığına, həyatın ən dəyərli neməti olan canın qorunmasına həsr etmiş gənc və perspektivli həkim, əziz dostumuz Dursun Əliyevin doğum günüdür. Bu münasibətlə 102info.az xəbər agentliyinin rəhbəri Tural Kəlbəcərli və bütün kollektiv adından onu səmimi qəlbdən təbrik edir, həyatının hər anında uğur, sağlamlıq və yeni zirvələr arzulayırıq.
Dursun Əliyev 1 may 1996-cı ildə dünyaya göz açıb. Hələ gənc yaşlarından elmə, xüsusilə də tibb sahəsinə olan marağı onun gələcək həyat yolunu müəyyənləşdirib. 2013-cü ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə daxil olaraq, 2019-cu ilə qədər bu nüfuzlu təhsil ocağında bakalavr pilləsi üzrə təhsil alıb. Tələbəlik illərində o, yalnız dərsləri ilə kifayətlənməyib, eyni zamanda elmi fəaliyyətə də xüsusi önəm verərək beynəlxalq səviyyəli iki konqresdə “dəstəkləyici müalicə” mövzusunda elmi məruzələrlə çıxış edib və bu çıxışlarına görə sertifikatlarla təltif olunub. Bu isə onun peşəsinə nə qədər məsuliyyətlə yanaşdığının və daim öz üzərində işlədiyinin bariz nümunəsidir.
Ali təhsilini başa vurduqdan sonra Dursun Əliyev 4 il müddətində xüsusi təyinatlı dövlət müəssisələrindən birində həkim ordinator kimi fəaliyyət göstərib. Bu illər onun üçün həm peşəkar təcrübə, həm də həyat məktəbi olub. O, çətin şəraitlərdə belə həkim andına sadiq qalaraq insanların sağlamlığının keşiyində dayanıb, öz bilik və bacarığını daim inkişaf etdirib.
2023-cü ildən etibarən isə o, Onkologiya ixtisası üzrə rezidentura təhsilinə başlayıb. Bu sahəni seçməsi təsadüfi deyil – çünki onkologiya yalnız peşə deyil, həm də böyük səbir, güclü iradə və yüksək humanist yanaşma tələb edən bir missiyadır. 2023-2025-ci illərdə Milli Onkologiya Mərkəzinin 2-ci kimyaterapiya və 2-ci ambulatoriya şöbələrində həkim-rezident kimi çalışan Dursun Əliyev, bu müddət ərzində yüzlərlə xəstəyə ümid işığı olub, onların müalicəsində yaxından iştirak edib.
Hazırda isə o, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Hospitalının Onkologiya şöbəsində həkim-rezident kimi fəaliyyətini davam etdirir. Bu məsuliyyətli və şərəfli vəzifədə çalışaraq həm tibbi, həm də elmi fəaliyyətini uğurla davam etdirir, gələcəyin güclü mütəxəssislərindən biri kimi formalaşır.
Dursun Əliyev yalnız savadlı həkim deyil, həm də yüksək insani keyfiyyətlərə malik, dostluğa dəyər verən, etibarlı və səmimi bir insandır. Onu tanıyan hər kəs onun təvazökarlığını, zəhmətkeşliyini və insanlara qarşı olan həssas münasibətini yüksək qiymətləndirir.
Əziz dostumuz! Sənin həyat yolun gənc yaşına baxmayaraq artıq böyük uğurlarla zəngindir. İnanırıq ki, qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq, həm ölkəmizin, həm də tibb elminin inkişafına öz töhfəni verəcəksən. Sənə möhkəm can sağlığı, tükənməz enerji, uğurlu karyera və bütün arzularının gerçəkləşməsini arzulayırıq.
Doğum günün mübarək olsun, dəyərli həkim və əziz dost!
102info.az
