
Dünən 2026-cı il Dünya Kubokunda İngiltərə millisinə 2-1 hesabı ilə qalib gələn Argentina yığması FIFA-nın ciddi sanksiyaları ilə üz-üzə qalıb.
Patrul.az xəbər verir ki, oyundan sonra qələbə sevincini qeyd edən Argentina futbolçularının meydanda “Malvin adaları Argentinaya məxsusdur” yazılmış banner nümayiş etdirməsi ali futbol qurumunu hərəkətə keçirib.
Bununla yanaşı, matçdan öncə Argentinanın vitse-prezidenti Viktoriya Vilyarruelin britaniyalıları “qəsbkar quldurlar” adlandırması iki ölkə arasındakı gərginliyi başlatmışdı. Final fitindən sonra isə futbolçuların meydanda açdığı banner isə siyasi xarakterli ismarıcların davamı olub.
Hadisəyə münasibət bildirən vitse-prezident sosial şəbəkə hesabında bu sözləri yazıb: “Onların stadiona gətirilməsini qadağan ediblər, lakin bu adaları qanımızda və ürəyimizdə daşıdığımızı unudublar”.
FIFA-nın stadion davranış qaydalarına əsasən, idman arenalarında “siyasi, təhqiramiz və ya ayrı-seçkilik xarakterli” bannerlərin, geyimlərin və digər ləvazimatların nümayişi qəti şəkildə qadağandır.
Qeyd edək ki, analoji hadisə ilk dəfə deyil. Argentina Futbol Assosiasiyası 2014-cü ildə Sloveniya ilə yoldaşlıq görüşü zamanı eyni mesajı ehtiva edən banner qarşısında şəkil çəkdirdiklərinə görə 30 000 İsveçrə frankı (təxminən 32 455 avro) məbləğində cərimələnmişdi.
Məlumat üçün bildirək ki, Argentina ilə Böyük Britaniya arasında Folklend (Malvin) adaları uğrunda müharibə 1982-ci ildə baş verib. Çəkişmə zamanı 655 Argentina və 255 Britaniya hərbçisi həlak olub. Müharibə Buenos-Ayresin məğlubiyyəti ilə bitsə də, tərəflər arasında suverenlik mübahisəsi bu gün də davam edir. Rəsmi Buenos-Ayres Böyük Britaniyanın Cənubi Atlantik okeanındakı bu dənizaşırı ərazisini özününkü hesab edir və adalara “Malvin adaları” adlandırır.
Gülbəniz Səfərova
102info.az
