Bu gün ənənəvi Qlobal Bakı Forumu artıq dünya ictimaiyyətini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi üçün platformaya çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyun ayının 16 –da “Qlobal dünya nizamına təhdidlər”mövzusunda keçirilən növbəti Qlobal Bakı Forumu bunun göstəricisidir.
Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunmuşdur. Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak etmişdir. Bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur.
IX Qlobal Bakı Forumunda onlayn forum iştirakçıları ilə yanaşı, 300-ə yaxın şəxs əyani şəkildə iştirak etmiş, panellər formasında təşkil olunacaq tədbir çərçivəsində bir sıra vacib əhəmiyyət kəsb edən məsələlərlə bağlı müzakirələr aparılmişdir.
Ölkəmizdə belə mötəbər Forumun keçirilməsi hər şeydən əvvəl dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərir. Forumun paytaxtımızda keçirilməsi göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir.
Azərbaycan Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı hər zaman olduğu kimi bu gündə bütün dünya dövlətlərini heyrətləndirdi.
Forumda Prezident İlham Əliyevin həmin çıxış əsnasında səsləndirdiyi bəyanatlar da mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Forumda həm Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirib. Ölkə başçısı bir daha qeyd edib ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir.
Prezident Azərbaycanda yaşayan ermənilərlə bağlı bildirdi ki, Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Yəni, bizim Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər.
Prezident İlham Əliyevin önəmli məsələlərdən biri olan ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə çıxışında qeyd etdi ki, “ Minsk qrupu 1992-ci ildə təsis edilib və onun mandatı münaqişənin həllinə yardım etməkdən ibarət olub. Lakin faktiki olaraq onun fəaliyyəti sıfırla nəticələnib. Təsəvvür edin ki, ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Hesab edirəm ki, hər kəs bunu anlayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida. Yox, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır.”
Bir sözlə, bütün bunlara əsasən deyə bilərik ki, əgər üçüncü minilliyin başlanğıcında Ulu Öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək təhlükəsindən qurtararaq yeni inkişaf mərhələsinə çıxardısa, Azərbaycan Prezidenti İlham Əliyev müasir Azərbaycanı dünyada söz sahibinə, etibarlı tərəfdaşa və modern dövlətə çevirib. Dövrün çağırışlarının tələblərini nəzərə alan, bütün beynəlxalq toplantılarda dünyaya sülh mesajı verən, ən islahatçı Prezident və ən əsası, Qalib Sərkərdə kimi adını tariximizə qızıl hərflərlə yazdıran İlham Əliyev həmişə üzərinə düşən barışdırıcı sülh missiyasını uğurla icra etməkdədir.
Ramilə Seyidova- Siyəzən rayon Mərkəzi Kitabxanasının şöbə müdiri
www.102info.az
