Azərbaycanda kredit götürənlərin sayı ildən-ilə artır və yüksək faiz dərəcələri cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bu fonda bank kreditləri üzrə faizlərin aşağı salınması, eləcə də sahibkarlar və sıravi vətəndaşlar üçün fərqli faiz dərəcələrinin tətbiq olunması ilə bağlı təkliflər səsləndirilir. Kredit faizlərinin endirilməsi nə dərəcədə mümkündür və bu sahədə fərqli yanaşmanın tətbiqi özünü doğrulda bilərmi? Məsələn, iş adamları ilə sıravi vətəndaşlara aşağı faizli kredit şərtlərinin tətbiq olunması mümkündür?
Patrul.az mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyevin fikirlərini öyrənib.
Elnur Quliyev bildirib ki, kredit faizlərinin aşağı salınması yalnız makroiqtisadi amillərlə deyil, bankların biznes strategiyası ilə bağlıdır:
“Banklar adətən kredit kampaniyalarını tələbin zəiflədiyi dövrlərdə həyata keçirirlər. Məsələn, yay aylarında biznes aktivliyinin nisbətən azalması və ya yanvar-fevral aylarında kreditləşmənin zəifləməsi fonunda müştəri cəlb etmək məqsədilə faiz endirimləri, komissiyasız kreditlər və güzəştli refinanslaşdırma kampaniyaları təklif edə bilirlər. Bundan əlavə, banklar faizləri əsasən aşağıdakı hallarda endirməyə meylli olurlar:
-bazar payını artırmaq və yeni müştərilər cəlb etmək istədikdə;
-digər banklardan keyfiyyətli kredit portfelini refinanslaşdırma yolu ilə cəlb etməyə çalışdıqda;
-bankda izafi likvidlik yarandıqda və həmin vəsaitin kreditləşməyə yönəldilməsinə ehtiyac olduqda”.

Həmsöhbətimiz, praktikada istehlak kreditləri üzrə faiz endirimlərinin daha çox Novruz, Yeni il və digər kampaniya dövrlərində müşahidə olunduğunu vurğulayıb:
“Məsələn, illik faiz dərəcəsi 18%-dən 15-16%-ə endirilə və ya kredit üzrə komissiya ləğv oluna bilər. Biznes kreditlərində isə banklar yeni korporativ müştərilər cəlb etmək və ya digər bankların yüksək faizli kreditlərini refinanslaşdırmaq məqsədilə faizləri 2-4% aşağı təklif edə bilirlər.
Nəticə etibarilə, kredit faizləri yalnız iqtisadi göstəricilərdən deyil, həm də bankların satış strategiyası, mövsümi tələbat və bazardakı rəqabətdən asılı olaraq formalaşır. Buna görə də ilin müəyyən dövrlərində kredit kampaniyaları vasitəsilə daha sərfəli maliyyələşmə imkanları yaranır”.
Ləman Sərraf
102info.az
