Yusif Vəzir ölsə də, yaşayır, tərbiyəçiləri isə…

Mədəniyyət
Spread the love

Qan Turalı yazır…

Sənətkar və hökmdar tarixin ən qədim mövzularından biridir və burada qəribə heç nə yoxdur. 

Hər ikisi əlində güc daşıyır. Sənətkar yumşaq, hökmdar isə sərt gücü. Güclərin olduğu yerdə toqquşma labüddür. 

Füzuli “Padişahi-mülk” qitəsində fələk dövranının bir saatında inqilab ilə padşahın fani olacağından, ancaq özünün şeir mülkünə “dövri-ruzigar”ların xətər yetirməyəcəyindən bəhs edir, başqa sözlə, özünün əbədi, padşahların ötəri olduğunu vurğulayır.

Platonun Sirakuz hakimi Dionisə yazdığı məktub Füzuli ilə ruhən səsləşir: “İlk addımı sən atıb mənə hörmət etsən, ehtiram göstərsən, insanlar səni fəlsəfəyə dəyər verən, müdrik bir insan kimi qiymətləndirəcəklər. Sən bunları etmədən məndən ehtiram gözləsən, insanlar mənə yaltaq və pulgir kimi baxacaqlar. Sənin mənə hörmətin ikimizə də şərəf gətirəcək, əks halda isə ikimizi də yamanlayacaqlar”. 

O zamanlarda sənətkarın yaradıcılıqla məşğul olması üçün mütləq hamiyə, qoruyucuya ehtiyacı vardı. Kitabların hazırlanması çox böyük vəsait tələb edirdi.

Şairlərin hökmdarlara əsərlər həsr etməyinin bir səbəbi də bu idi. Hökmdar öz adına yazılan əsərləri çoxaldır, bir növ onun tarixdə qalmasını təmin edirdi. 

Orta əsrlərdə ən ideal universitet, ya da kilsə kitabxanasında uzağı 300 kitab vardı. Azərbaycan Milli Kitabxanasında isə beş milyon nüsxə kitab var. 

Elmi kəşflərin sürətlənməsi, İohann Qutenberqin çap maşını, savadlı insanların sayının çoxalması fonunda oxucuların sayı da yüz min dəfələrlə artdı. Bununla da sənətkar öz məhsulunu krala satmağa məcbur qalmadı. Əslində krallar da Füzulinin dediyi o inqilablarla fani olmuşdular. 

Antik yunan yadigarı olan teatrın aktuallaşması, ardınca kinonun kəşfi mədəni istehlakda inqilab yaratdı. 

Nizaminin yüz, uzağı, min oxucusu vardısa, Axundovun pyesləri yüz minlərlə tamaşaçıya xitab edirdi. 

İndi savadı olmayan, yazıb-oxumaq bilməyən insanlar da teatra və kinoya baxa bilərdilər. (Faşizmin yüksəlişində də radio və kino misilsiz rol oynamışdı). Ancaq yeni situasiya yeni yanaşma da tələb edir. 

Görkəmli polyak rejissor Kristev Kieslovskinin yaradıcılığının əsas hissəsi kommunist Polşa dövrünə düşmüşdü. Öz filmlərini çəkmək uğrunda mübarizə aparan Kieslovski sonralar açıq şəkildə etiraf edirdi ki, bazar iqtisadiyyatı dövründə film çəkmək kommunist sistemində film çəkməkdən daha çətindir. 

Çünki yeni sistemdə film kütləni cəlb etməyə məcbur idi, dərin məzmunlu filmlər isə bu sahədə effektiv ola bilməzdi.

Bəs necə olmalı? Burada dövlət dövrəyə girir. 

Görkəmli sənətkarların irsi dövlətin və xalqın sərvəti sayılır. İngiltərə Şekspir deməkdir, Fransa – Hüqo. Höte deyəndə yadımıza Almaniya düşür. Dövlətin yumşaq gücünü də bu mənəvi sərvət təşkil edir. 

Bu mənada hər bir dövlət də bu sahəyə diqqət ayırır. 

Cənubi Koreya filmi “Parazit”in “Oskar” üçün xərclədiyi lobbinin maliyyəsi 80 milyon dollardan yüksək idi. Amma onlar da yaxşı bilirdilər ki, bu filmin Koreyanın imicində oynadığı rol milyardlarla dollarla ifadə edilir.

Hər bir ölkə üçün ən dəyərli xəzinə onun insan resurslarıdır. Məhz buna görə müharibədən darmadağın şəkildə çıxan Almaniya heç 20 il keçmədən yenidən Avropanın iqtisadi lideri oldu. 

Bəs insan resurslarını ədəbiyyat, ümumilikdə mədəniyyət olmadan yaratmaq mümkündürmü? Təcrübə göstərir ki, təhsil və mədəniyyətdən məhrum xalqlar terrorçuluq üçün böyük resurslar hazırlayırlar.

Bu gün bütün Qərb ölkələri mədəniyyətin inkişafı üçün yüz milyon dollarla vəsait xərcləyirsə, mədəni fəaliyyət üçün nəhəng qrantlar ayırır.

Kinoya dəstək verən şirkətlər o dəstək qədər vergidən azad edilir. Teatrlar dövlətdən birbaşa maddi dəstək alır. Bəzi ölkələr tələbələr üçün pulsuz kitab kartları verir, həmin pula tələbə istədiyi kitabı pulsuz əldə edir. Muzeylər üçün xüsusi kampaniyalar aparılır.

Misal üçün, Fransa “Amazon” kimi nəhəng şəbəkələrin kitab mağazalarını iflasa sürüklədiyi bir vaxtda kitab mağazaları üçün maddi dəstək ayırdı. Belarus kimi kasıb bir ölkə kitab mağazalarının kirayəsini dövlət hesabına təmin edir. 

Hər şey namuslu, zəkalı və yetkin vətəndaş yetişdirmək üçündür. Bütün bu nəhəng mexanizmi gözardı edərək sənətkarları ittiham etmək isə qəzəbli diletant davranışıdır. 

Yenidən velosiped ixtira etməyə ehtiyac yoxdur, zəngin dünya təcrübəsini öyrənmək kifayətdir. İttiham isə heç də yeni deyil.

Yusif Vəzir növbəti dəfə “ifşa” ediləndə üzünü zala tutub belə demişdi: “Başa düşürəm, səhvlərim olub. Mən nə deyirəm ki… Tərbiyə edin də məni”.

Bu sözləri deyən Yusif Vəzirin yaşı 40-dan çox idi. Beş il sonra da sürgündə öldü. Amma o yaşayır. Tərbiyəçilər isə… 

Belə işləri var bu dünyanın…

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir