Elçin Bayramlı: “Rüşvətsiz cəmiyyət bu günə qədər olmayıb, olmayacaq da”

Cəmiyyət

“Tarix boyu rüşvətsiz dövlət, cəmiyyət bu günə qədər olmayıb, heç vaxt da olmayacaq. Bu gün də yoxdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında çıxış edən Sağlam Cəmiyyət Hərəkatının Rəhbəri Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, rüşvət mövzusunda bu gün səviyyə və kəmiyyət fərqləri var:

“Burada çoxsaylı məsələlər var. Bu da cəmiyyətlərin sosial-psixoloji durumundan, sosial-iqtisadi vəziyyətindən və dövlətlərin iradəsindən asılıdır. Bunların hamısı olmalıdır, hətta olduqda belə mümkün deyil. Az hallarda da olsa, insan xislətində daha yuxarıda olmaq, imkanlı olmaq istəyi olur. Bunun qarşısını tək qanunlarla almaq olmaz. Yalnız sosial-iqtisadi, ictimai-psixoloji vəziyyətimiz düzəldikcə bu məsələlər aradan qalxacaq. Biri də var rüşvət almağa məcbur edən səbəblərin yaranması.  

Məsələn, bir məmura 300-500 manat maaş versək, ondan rüşvət almamağı tələb edə bilmərik. Düzdür, almamalıdır, xoşu gəlmirsə, həmin işdə çalışmamalıdır. Amma başqa yerdə iş tapmaq imkanı olmayacağından, məcbur olur bu addımı atmağa. Bir digər məsələ isə odur ki, maaşlar qalxanda da bu hal azalmır. Bəzi sahələrdə 10 il qabaq maaşlar yüksək səviyyədə qaldırıldı. Ümid edilirdi ki, rüşvət halları aradan qalxacaq. Amma nəticə gözlənilən kimi olmadı. Təkbaşına heç bir üsul effekt vermir. Nə sosial-iqtisadi cəhətdən təmin etmək, nə də maarifləndirmək, vicdan məsələsi burada effekt vermir. Kapitalizm cəmiyyətində yaşamaq uğrunda mübarizə gedir, hər kəs daha üstün olmaq istəyir. Heç bir işdə halal yolla bunu etmək mümkün deyil. Bəlkə də mümkündür, amma çox az hallarda. Ona görə də insanlar rüşvətə əl atacaq”.

E.Bayramlı onu da qeyd edib ki, dövlət bu sahədə öz üzərinə düşən islahatları edir:

“Bir neçə gün öncə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib. Detallarına qədər analiz etdim. Bu günə qədər bu səviyyədə proqram xarakterli sənəd qəbul edilməyib. Korrupsiya ilə mübarizə istiqamətində müəyyən qərarlar, qanunlar var idi, amma bu, həddən artıq fundamentaldır, hər şey dəqiqliklə nəzərə alınıb. Proqramda müasir texnologiyaların tətbiqi nəzərdə tutulub. Proqram işin 50 faizi, növbəti 50 faizi isə həyata keçirmək mexanizmidir. Dövlət inzibati üsullarla bunun qarşısını ala bilməz. Praktik olaraq mümkün deyil, hər yeri güdmək olmaz. Tək dövlət bunu bacara bilməz. Burada ictimai dəstək lazımdır, insanların mənəvi-psixoloji hazırlığı və ölkədə sosial-iqtisadi vəziyyət insanı rüşvət verməyə və ya almağa məcbur qoymamamılıdır. Bu üç amilə kompleks şəkildə baxsaq, rüşvətin qarşısını 100 faiz də olmasa, 90 faiz almaq mümkündür”.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir