
Sosial şəbəkələr artıq təkcə ünsiyyət vasitəsi deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə uşaqlar və yeniyetmələr günün böyük hissəsini telefon ekranı qarşısında keçirir, qısa videolar izləyir, sonsuz lentdə paylaşımları vərəqləyir və dayanmadan gələn bildirişləri yoxlayırlar. Mütəxəssislər isə uzun müddətdir xəbərdarlıq edirlər ki, platformaların diqqəti mümkün qədər uzun müddət saxlamağa hesablanmış dizaynı psixi sağlamlıq üçün ciddi risklər yarada bilər.
Patrul.az-ın araşdırmasına görə, Avropa Komissiyası “Meta” şirkətinə məxsus “Instagram” və “Facebook” platformalarının istifadəçilər, xüsusilə də uşaq və yeniyetmələr üçün yaratdığı risklərlə bağlı Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktını (DSA) pozduğuna dair ilkin qənaətə gəlib.
Araşdırmada qeyd olunur ki, şirkət platformalarda istifadə olunan sonsuz lent (infinite scroll), videoların avtomatik oynadılması (autoplay), push bildirişləri və yüksək fərdiləşdirilmiş tövsiyə alqoritmlərinin insan davranışına təsirini kifayət qədər qiymətləndirməyib. Məhz bu funksiyalar istifadəçilərin platformalarda planlaşdırdıqlarından daha uzun müddət qalmasına səbəb olur və kompulsiv, yəni nəzarət edilməsi çətin olan istifadə vərdişlərinin formalaşmasını sürətləndirə bilər.
Avropa Komissiyasının məlumatına görə, hazırda Avropa İttifaqında təxminən 270 milyon insan “Meta” platformalarından istifadə edir. Diqqət çəkən məqamlardan biri isə odur ki, 12 yaşına qədər uşaqların təxminən yarısının “Instagram” hesabı var. Halbuki bu yaş həddi platformanın öz istifadə qaydalarında nəzərdə tutulan minimum yaşdan aşağıdır.
Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqlar və yeniyetmələr arasında narahatlıq, depressiya, diqqət problemləri və yuxu pozuntularının artması ilə əlaqələndirilir. Xüsusilə gecə saatlarında telefondan istifadə və fasiləsiz qısa video izləmək beynin dincəlməsinə mane olur, yuxu keyfiyyətini aşağı salır və emosional vəziyyətə mənfi təsir göstərir.
Araşdırma zamanı həmçinin müəyyən olunub ki, “Meta” azyaşlıların gecə saatlarında platformalarda keçirdiyi vaxtı, eləcə də “Reels” və “Stories” kimi formatların istifadə müddətini necə artırdığını lazımi səviyyədə nəzərə almayıb. Platformalarda istifadə vaxtını məhdudlaşdırmaq üçün tətbiq edilən mövcud vasitələr və psixi sağlamlıqla bağlı məlumatlandırıcı bölmələr də Avropa Komissiyası tərəfindən kifayət qədər effektiv hesab edilməyib.
Komissiya hesab edir ki, risklərin azaldılması üçün platformaların texniki quruluşunda dəyişikliklər edilməlidir. Təklif olunan tədbirlər arasında autoplay funksiyasının və sonsuz lentin standart olaraq deaktiv edilməsi, istifadəçilərə müəyyən vaxtdan sonra fasilə verməyi xatırladan bildirişlərin tətbiqi, həmçinin tövsiyə alqoritmlərinin istifadəçini ekranda daha çox saxlamağa deyil, daha təhlükəsiz istifadəyə yönəldilməsi yer alır.
Hazırda “Meta” araşdırmanın nəticələri ilə tanış olmaq və öz mövqeyini yazılı şəkildə təqdim etmək hüququna malikdir. Əgər Avropa Komissiyasının ilkin qənaəti yekun qərara çevrilərsə, şirkət qlobal illik dövriyyəsinin 6 faizinə qədərcərimələnə bilər.
Mütəxəssislər hesab edirlər ki, rəqəmsal platformaların təhlükəsizliyi təkcə texnologiya şirkətlərinin deyil, həm də valideynlərin, müəllimlərin və cəmiyyətin ümumi məsuliyyətidir. Uşaqların ekran qarşısında keçirdiyi vaxta nəzarət etmək, yaşlarına uyğun məzmun seçmək və onlarda sağlam rəqəmsal vərdişlər formalaşdırmaq sosial şəbəkələrin mümkün mənfi təsirlərini azaltmağın ən vacib yollarından biri hesab olunur.
Ləman Sərraf
102info.az
