Sumqayıt Polisi: Şəhərin təhlükəsizliyinin keşiyində

Azərbaycan Polisi

Son illər Sumqayıt şəhərində ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər diqqətəlayiq dərəcədə intensivləşib. Bu istiqamətdə Sumqayıt şəhər Polis İdarəsi rəisi, polis polkovniki Fəqan Azadəliyev başda olmaqla bütün idarə heyəti fasiləsiz və sistemli iş aparır. Onların məqsədi şəhər sakinlərinin təhlükəsizliyini təmin etmək, cinayət hallarının qarşısını almaq və qanunçuluğu möhkəmləndirməkdir.

Son dövrlərdə ölkə rəhbərliyi tərəfindən narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı verilən tapşırıqlar Sumqayıtda da yüksək səviyyədə icra olunur. Sumqayıt polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısını almaq üçün mütəmadi əməliyyat-axtarış tədbirləri keçirir. Həyata keçirilən bu tədbirlər nəticəsində şəhər ərazisində narkotik maddələrin satış və istifadəsi ilə məşğul olan şəxslərə qarşı ciddi hüquqi tədbirlər görülür.

Bu sahədə aparılan işlər təkcə cinayətkarların zərərsizləşdirilməsi ilə yekunlaşmır, həm də gənclərin maarifləndirilməsi, narkomaniyanın zərərləri barədə maarif kampaniyalarının keçirilməsi ilə müşayiət olunur. Bu da bir daha Sumqayıt polisinin cəmiyyətə yalnız nəzarət edən deyil, həm də onu qoruyan və maarifləndirən qurum kimi yanaşdığını sübut edir.

Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyi də prioritet sahələrdən biridir. Şəhər Yol Polisi Xidməti rəisi, polis polkovnik-leytenantı Şamxal Əliyevin rəhbərliyi ilə yol hərəkətinin təhlükəsizliyini artırmaq məqsədilə mütamadi reydlər təşkil olunur.

Bu reydlər zamanı xüsusilə sərxoş vəziyyətdə sükan arxasına əyləşən, sənədsiz və narkotik təsiri altında olan sürücülərin müəyyən edilməsi və zərərsizləşdirilməsi istiqamətində ciddi tədbirlər görülür. Sürücülər arasında qanunlara riayət etməyin vacibliyi barədə maarifləndirmə işləri də aparılır. Bu tədbirlər həm yol qəzalarının sayının azalmasına, həm də şəhər sakinlərinin təhlükəsizliyinin qorunmasına xidmət edir.

Şəhər polisinin həm cinayətkarlıqla mübarizədə, həm də ictimai asayişin qorunmasında göstərdiyi peşəkarlıq və çeviklik onu ölkədə nümunəvi strukturlardan birinə çevirir. İdarə əməkdaşlarının prinsipiallığı və qanunun aliliyinə sadiqliyi Sumqayıt sakinlərinin etimadını qazanıb.

Polis polkovniki Fəqan Azadəliyev və polis polkovnik-leytenantı Şamxal Əliyevin rəhbərlik etdiyi kollektivin fəaliyyəti göstərir ki, Sumqayıt polisi yalnız cinayətlərin qarşısını almaqla kifayətlənmir, eyni zamanda ictimai təhlükəsizliyi təmin edən, qanunlara hörmət mədəniyyətini gücləndirən bir instituta çevrilib.

Bu gün Sumqayıt şəhərində təhlükəsiz mühitin formalaşması, cinayətkarlığın minimuma enməsi və narkotik vasitələrin dövriyyəsinə qarşı sərt mübarizə aparılması Sumqayıt Polis İdarəsinin və Yol Polisi Xidmətinin birgə səylərinin nəticəsidir. Onların yorulmaz əməyinin və prinsipial fəaliyyətinin nəticəsində Sumqayıt daha təhlükəsiz, daha nizamlı bir şəhərə çevrilir.

SƏRBAL ƏSGƏRLİ

102info.az şöbə müdiri

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir