“UNESCO-nun Qarabağa missiya göndərməməsi cavabsız qalan sualdır” – Könül Nurullayev

Mədəniyyət Siyasət

Məlum olduğu kimi, Azərbaycan uzun illərdir Qarabağda işğal dövründə dağıdılmış mədəni və tarixi irs abidələrinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun beynəlxalq monitorinq missiyasının bölgəyə göndərilməsini tələb edir. Lakin indiyədək UNESCO-nun rəsmi qiymətləndirmə missiyası Qarabağa səfər etməyib.
Hələ işğaldan yenicə azad olunan Qarabağ daha dəhşətli vəziyyətdə idi. Lakin indi abadlıq işləri aparılır.

Xatırladaq ki, bir vaxtlar UNESCO missiyanı “Dağlıq Qarabağ missiyası” kimi təqdim etməyə çalışmış, Azərbaycan isə bunun əleyhinə çıxaraq rəsmi sənədlərdə “Azərbaycanın Qarabağ bölgəsinə missiya” ifadəsinin işlədilməsini tələb etmişdi.
Bəs UNESCO-nun bu məsələdə hələ də passiv mövqe sərgiləməsinin səbəbi nədir? Bunun arxasında hansı siyasi və ya institusional amillər dayanır? Yaxın gələcəkdə təşkilatın Qarabağda hərtərəfli monitorinq və araşdırma aparacağını gözləmək olarmı?

Patrul.az mövzu ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayevanın fikirlərini öyrənib.

Deputat xatırladıb ki, 30 ilə yaxın davam edən işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda yüzlərlə tarixi, dini və mədəni irs abidəsi məqsədli şəkildə Ermənistan tərəfindən dağıdılıb, talan edilib:

“Rəsmi Bakı dəfələrlə UNESCO işğal nəticəsində məhv edilmiş mədəni irsin vəziyyətini qiymətləndirmək üçün bölgəyə beynəlxalq monitorinq missiyası göndərməyə çağırsa da, bu çağırışlar uzun illər cavabsız qalıb.
2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsindən sonra isə Qarabağda ortaya çıxan mənzərə işğal illərində törədilən dağıntıların miqyasını bütün dünyaya nümayiş etdirdi. Viran qoyulmuş şəhərlər, dağıdılmış məscidlər, qəbiristanlıqlar, muzeylər, tarixi abidələr və mədəniyyət ocaqları Ermənistanın işğal siyasətinin yalnız hərbi deyil, həm də mədəni irsin məhv edilməsinə yönəldiyini açıq şəkildə göstərirdi”.

media-img-20260717-wa0118-1­

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir, tarixi və dini abidələr bərpa olunur, şəhər və kəndlər yenidən qurulur:

“Bununla belə, beynəlxalq ictimaiyyətə məsuliyyətini xatırladan vacib sual hələ də açıq qalır: işğal dövründə mədəni irsə vurulmuş ziyan niyə hələ də beynəlxalq qurumlar tərəfindən obyektiv qiymətləndirilməyib?
UNESCO-nun bu məsələdə passiv və qərəzli mövqeyi təəssüf doğurur. Halbuki təşkilatın əsas missiyası dünya mədəni irsinin qorunması, obyektiv monitorinqlərin həyata keçirilməsidir. Azərbaycana münasibətdə isə bu prinsipləri tam şəkildə tətbiq olunmur. Diqqət çəkən məqamlardan biri də missiyanın mandatı və terminologiyası ətrafında yaranmış fikir ayrılıqları idi. Bir müddət əvvəl UNESCO missiyanı “Dağlıq Qarabağ missiyası” kimi təqdim etməyə çalışırdı. Azərbaycan isə haqlı olaraq buna etiraz etmişdi, çünki artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi bölgüsü anlayışı yoxdur”.

Azərbaycanın bölgədə tam suveren nəzarəti təmin etdiyi, təhlükəsizlik şəraitinin sabitləşdiyi, genişmiqyaslı bərpa işlərinin aparıldığı bir vaxtda belə bir missiyanın həyata keçirilməsi üçün hüquqi və praktiki baxımdan hər cür şəraitin olduğunu söyləyən K.Nurullayeva əlavə edib:

“Bu missiya yalnız dağıntıları sənədləşdirməklə kifayətlənməməli, həm də işğal dövründə mədəni irsə vurulmuş ziyanın beynəlxalq hüquq normaları çərçivəsində obyektiv qiymətləndirilməsini təmin etməlidir. Bu, həm tarixi həqiqətlərin təsdiqi, həm də gələcəkdə mədəni irsin qorunması üzrə beynəlxalq mexanizmlərin daha səmərəli işləməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Ləman Sərraf

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir