Qlobal informasiya məkanında etibarlı məlumatın dəyərinin daha da artdığı, geosiyasi proseslərin isə yeni mərhələyə qədəm qoyduğu bir dövrdə Şuşa Qlobal Media Forumu beynəlxalq əhəmiyyətli platformalardan biri kimi diqqət çəkir. Artıq ənənə halını alan forum çərçivəsində səsləndirilən mesajlar təkcə media gündəmini deyil, həm də regionun gələcəyinə dair mühüm siyasi və iqtisadi istiqamətləri müəyyənləşdirir. IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də beynəlxalq ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılanıb.
Mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, artıq ənənə halını alan Şuşa Qlobal Media Forumunun sayca dördüncüsünün keçirilməsi Azərbaycanın xarici siyasətdə vizyonu, mövcud durum və gələcəkdə atacağı addımlar baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qədər, həm də tarixi proseslərə yenidən baxış kimi dəyərləndirilməlidir:
“Forumla bağlı mühüm məqamlardan biri də Azərbaycanla və Cənubi Qafqazla bağlı həqiqətlərin birbaşa Prezident İlham Əliyev tərəfindən diqqətə çatdırılması olub. Həm də bir mühüm faktı əlavə edək ki, həmin Forumda Azərbaycanla, Cənubi Qafqazla bağlı həqiqətlər birbaşa Azərbaycan Prezidenti tərəfindən diqqətə çatdırıldı. Bu isə mövcud informasiya bulanıqlığında etibarlı məlumatın əldə edilməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir”.
A.Badamov vurğulayıb ki, IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev ABŞ ilə münasibətlərdən tutmuş Azərbaycanın nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, informasiya təhlükəsizliyi və əməkdaşlıq perspektivləri kimi bir sıra mühüm istiqamətlər üzrə məsələləri ətraflı dəyərləndirib:
“Təbii ki, bu, həm də qərəzli yanaşmaların qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Millət vəkilinin sözlərinə görə, dövlət başçısı forum zamanı Azərbaycanın bütün öhdəliklərinə sadiq qaldığını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb:
“Dövlət başçımız bir daha diqqətə çatdırdı ki, Azərbaycan öhdəliklərinə sadiqdir. Məhz bu sadiqliyin nəticəsidir ki, dünyanın müxtəlif ölkələri enerji baxımından axtarışa çıxdığı halda, Ermənistan bunu Azərbaycandan alır. Artıq Ermənistana 40 mindən çox müxtəlif təyinatlı yük göndərilir. Bu isə, şübhəsiz ki, Ermənistanın iqtisadiyyatına, cəmiyyətinə verilən töhfədir”.
Deputat bildirib ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək Zəngəzur dəhlizinin strateji əhəmiyyətini də xüsusi vurğulayıb:
“Dövlət başçımız Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən Zəngəzur dəhlizinin önəminə diqqət çəkdi. Bir daha dünyaya çatdırıldı ki, bu layihə son dərəcə xüsusi əhəmiyyət kəsb edir”.
A.Badamov qeyd edib ki, forum zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol da diqqət mərkəzində olub:
“Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rola da diqqət çəkildi. Dövlət başçımız bildirdi ki, artıq Avstriyaya və Almaniyaya qaz tədarük edirik. Bu isə, şübhəsiz ki, son dərəcə mühüm amildir. Yəni, Azərbaycan artıq Avropanın premium bazarlarında özünü göstərir”.

Deputat əlavə edib ki, Azərbaycanın yanaşması hər zaman sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanır:
“Azərbaycanın yanaşması olduqca aydındır. Bu yanaşma sülhə, əməkdaşlığa, qarşılıqlı etimada söykənir.”
Sonda A.Badamov vurğulayıb ki, Prezident İlham Əliyevin forum çərçivəsində nümayiş etdirdiyi peşəkar yanaşma bir daha onun informasiya dövrünün seçilən liderlərindən biri olduğunu göstərib:
“Dövlət başçımızın qeyd etdiyi amillər, bütün faktları detallarına qədər diqqətə çatdırması, habelə Forum boyu yüksək peşəkarlıqla suallara verilən müfəssəl, dəqiq, korrekt və məzmunlu cavablar cənab Prezident İlham Əliyevin informasiya erasında da seçilən Liderlərdən biri olduğunu təsdiq edir”.
Ləman Sərraf
102info.az
