Şəhid Qasımov Şəhriyar Vəzir oğlu – Vətən uğrunda canından keçən qəhrəmanımız

Qəhraman vətən oğlulları

Bütün sevgilərin ən ucası, ən alisi Vətən sevgisidir. Vətən bizim doğulduğumuz, nəfəs aldığımız torpaqdır. Bu torpaq sıradan deyil, minillərdir uğrunda canından keçənlərin qanı ilə yoğrulub. Ona görə də bu torpağın hər qarışı şəhidlərin, qazilərin qəhrəmanlığı ilə müqəddəsləşir. Hər bir azərbaycanlı üçün Vətənə xidmət etmək şərəfdirsə, uğrunda şəhid olmaq ən böyük zirvədir.

Bu gün sizə haqqında danışacağımız 25 yaşlı bir igidin – Şəhid Qasımov Şəhriyar Vəzir oğlunun – həyat və döyüş yolundan bəhs edəcəyik. O, Vətəninin bütövlüyü uğrunda canından keçərək Azərbaycan xalqının yaddaşına qəhrəman kimi həkk olunub.

Şəhriyar Qasımov 7 noyabr 1995-ci ildə Bərdə rayonunun Hüseynbəyli kəndində dünyaya göz açıb. Ailənin iki övladından biri olan Şəhriyar uşaqlıqdan Vətənə sevgisi, nizam-intizamı və vətənpərvərliyi ilə seçilib. 2013-cü ildə orta məktəbi bitirərək hərbi xidmətə yollanıb və burada kiçik çavuş rütbəsi alıb.

Xidmətdən sonra – 2015-ci ildə Azərbaycan Respublikası Yüksək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Binəqədi rayonu filialında çalışmağa başlayıb. 2020-ci ildə isə təhsilini davam etdirmək üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə daxil olub.

Uşaqlıq illərindən ailəsinə tez-tez “Mən əsgər olacağam”, “Şəhid olacağam” deyən Şəhriyar 2020-ci ildə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində könüllü şəkildə iştirak edib. Qismən səfərbərlik elan edilməmişdən öncə Nərimanov Rayon Hərbi Komissarlığında qeydiyyatdan keçərək, müharibənin ilk günlərində – 29 sentyabrda cəbhəyə yollanıb.

Şəhriyar Qasımov Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Hər döyüşdə igidliyi, fədakarlığı və cəsarəti ilə seçilən Şəhriyar 26 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şəhid Qasımov Şəhriyar ölümündən sonra bir neçə medalla təltif edilib:

“Vətən uğrunda” medalı

“Xocəvəndin azad olunmasına görə” medalı

“Füzulinin azad olunmasına görə” medalı

Bu gün – 26 oktyabr – Şəhid Qasımov Şəhriyar Vəzir oğlunun şəhid olduğu gündür. Bu tarix təkcə ailəsi üçün deyil, bütün Azərbaycan xalqı üçün müqəddəs bir gündür. Onun xatirəsi daim əziz tutulacaq, qəhrəmanlıq yolu gənclərə örnək olacaq.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar bu torpağı bizlərə əmanət ediblər. Şəhriyar Qasımov kimi oğulların fədakarlığı sayəsində Azərbaycan xalqı bu gün azad və başı dikdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir