Ukraynanın Odessa sahilləri yaxınlığında, göyərtəsində azərbaycanlıların olduğu Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisinə edilən dron hücumundan sonra itkin düşən azərbaycanlı pilot Səməd Nəsrullayevin həlak olduğu məlum olub.
Patrul.az xəbər verir ki, bu barədə “Dənizçilərin İctimai Birliyi”nin sədri İlham Nəsirov məlumat verib.
“Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyi olaraq, kapitanımızın vəfatı ilə bağlı ailəsinə, yaxınlarına və bütün dənizçi icmasına dərin hüznlə başsağlığı veririk. Onun dənizçilik peşəsinə olan sədaqəti və xidmətləri hər zaman hörmətlə yad olunacaq”, – deyə sədr bildirib.
Onu da qeyd edək ki, hazırda gəmidə yaralanan digər ekipaj üzvlərinin vəziyyəti və hadisənin təfərrüatları ilə bağlı aidiyyəti qurumlar, eləcə də konsulluqlar tərəfindən təcili koordinasiya tədbirləri həyata keçirilir.
Xatırladaq ki, 14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında, yerli vaxtla saat 15:15 radələrində göyərtəsində 11 azərbaycanlının olduğu Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. 10 azərbaycanlı Odessa şəhərində təhlükəsiz şəkildə sahilə çıxarılsa da, pilot həlak olub.

102info.az
