
Bərdə rayonunda 52 yaşlı kişi həmkəndlisinə bıçaqla ağır xəsarət yetirib.
Patrul.az xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndində baş verib. 1974-cü il təvəllüdlü Pənah həmin gün kənddə yerləşən “Yurd” kafesinə gəlib. O, həmin kafenin həyətində tanışı, 1979-cu il təvəllüdlü Taleh Hüseynov ilə görüşüb.
Bu zaman Taleh Pənahın tanışı Məhiyyəddinə əvvəllər faizə verdiyi borc pulu ala bilməməsinə görə onu günahlandırıb.
Daha sonra Taleh Pənahın ünvanına nalayiq ifadə işlətməsi və yumruqla sifətinə, təpiklə isə sinə nahiyəsinə qəsdən vurub fiziki ağrı yetirib. Bundan əsəbləşən Pənah özü ilə gətirdiyi kəsici-deşici alətlə Talehin qarın nahiyəsinə 1 dəfə qəsdən zərbə vurub.
Hadisəni törədən Pənahın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Pənah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisədən əvvəl Talehə zəng edib və ondan tanışı Məhiyyəddinə borca pul verməsini xahiş edib:
“Mənim sözüm ilə Məhiyyəddin adlı şəxsə borca pul verdi. Borc pulun qaytarılmasına görə isə mən cavabdeh oldum. Talehin Məhiyyəddinə verdiyi borc pulu faiz qarşılığında verəcəyindən məlumatım olmayıb. Hər iki şəxs mənim iştirakım olmadan görüşərək razılaşdı. Məhiyyəddin təxminən bir il ərzində Talehə ödəniş etsə də, sonradan ödəniş edə bilmədi və pulun geri qalan hissəsini qaytarmadı. Həmçinin mənim bu barədə məlumatım olmayıb”.
Təqsirləndirilən şəxs deyib ki, hadisə günü Taleh zəng vuraraq onu yanına çağırıb:
“Mənə Məhiyyəddinin ondan aldığı pulu qaytarmadığını, Taleh həmin pula mənim cavabdeh olduğumu bildirdi və aramızda mübahisə baş verdi. Bundan sonra mübahisə nəticəsində Taleh məni yumruqla vurdu. Mən də Talehi bıçaqla vurdum”.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Talehə bıçaqla 1 dəfə zərbə vurub:
“Daha sonra Talehlə birgə oturan şəxslərə onu bıçaqla vurduğumu dedim, onu həkimə aparmalarını söylədim. Hadisədən sonra yaşadığım evə gəldim və az müddət sonra polis şöbəsinə getdim. Hazırda zərərçəkmiş şəxslə barışmışam. Hadisə vaxtı zərərçəkmişlə mübahisə etmişəm. Həmin vaxt zərərçəkmiş şəxs içkili olub. İlk öncə zərərçəkmiş şəxs məni vurub. Bundan sonra bir qolum işlək vəziyyətdə olmadığı, hərbi xidmətdə olarkən yaralandığı üçün Talehin məndən fiziki cəhətdən güclü olduğunu fikirləşdim, onu bıçaqla vurdum. Hərbi xidmətdən əlilliyim ilə əlaqədar olaraq təqaüdə çıxmışam. Birinci Qarabağ müharibəsində, 1992-ci il tarixdə Ağdərə rayonunda hərbi xidmətdə olmuşam. Törətdiyim əməldən peşmanam”.
Zərərçəkmiş Taleh isə ifadəsində göstərib ki, Pənahla aralarında dostluq münasibətləri olub:
“Evdə olan zaman Pənah və qonşusu Məhiyəddin yaşadığım evə gəldi. Məhiyəddin həyat yoldaşının xəstə olduğunu söyləyərək pula ehtiyacı olduğunu bildirdi. Mən isə faiz qarşılığında borca pul verən bir şəxs tanıdığımı, həmin şəxsdən Pənahın qonşusu olan Məhiyyədin adlı şəxsə pul verməsini xahiş etdim.
Mən məhz Pənaha görə Məhiyyədinə borca pul verilməsini həmin şəxsdən xahiş etdim. Sonradan isə borc alınan pul geri ödənilmədi”.
Taleh qeyd edib ki, onunla Pənah arasında kafedə mübahisə olub, əlbəyaxa dalaşıblar:
“Həmin vaxt Pənah mənə bıçaqla 1 dəfə xəsarət yetirdi. Məni xəstəxanaya İlqar adlı dostum aparıb. Mənə dəymiş ziyanı və faiz kimi götürülən pulun ödənilməsini təqsirləndirilən şəxsdən tələb etmişəm. Hazırda təqsirləndirilən şəxslə barışmamışam. Məhiyyədin adlı şəxsə faiz qarşılığında borca pul verən şəxsin adı Zərifə olub”.
Şahid ifadələrindən məlum olub ki, Pənahla Taleh 17 ilə yaxın müddət ərzində dost olub. Həmçinin şahid qismində ifadə verən Məhiyyədinin sözlərinə görə, həyat yoldaşı onkoloji xəstə olduğundan 1000 manat məbləğində pula ehtiyacı olub. O deyib ki, aldığı borc qarşılığında həyat yoldaşının pensiya kartını Talehə verib.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Pənah 1 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. (Demokrat.az)
102info.az
