Ali Məhkəmədə piyadanı vurub öldürməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən İsgəndər Əliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, rəsmi məlumata görə, 2021-ci il sentyabrın 29-da saat 19 radələrində Füzuli rayonunun Horadiz şəhəri ərazisində müəyyən edilməyən avtomobillə şəhər sakini Gülnaz Səfərova vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Lada Priora” markalı avtomobilin sürücüsü, Horadiz şəhər sakini, 2000-ci il təvəllüdlü İ.Əliyev müəyyən edilərək saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 4 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, İ.Əliyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət ittihamçısı hökmdən narazı qalaraq, apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi isə onu təmin etməyib. Ali Məhkəmə isə Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərarın ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini qərara alıb. Şirvan Apellyasiya Məhkəməsi isə onun 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar çıxarıb. Daha sonra təqsirləndirilən şəxs kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
www.102info.az
