Qəhrəmanlıqla Yazılan Ömür: Polkovnik-leytenant Anar Əliyev

Qəhraman vətən oğlulları

Bu gün Vətən Müharibəsi Qəhrəmanı, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin komandiri, polkovnik-leytenant, şəhid Anar Vaqif oğlu Əliyevin doğum günüdür.

Ruhun qarşısında baş əyirik, Şəhidim! Canından keçməklə xalqımızın qəhrəmanlıq dastanını canınla qazandın, qanınla yazdın. Əziz xatirən xalqımızın qəlbində daim yaşayacaq.

Vətən müharibəsində döyüşən ən cəsur komandirlərdən biri olan Anar Əliyev 1980-ci il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Atası və anası ingilis dili müəllimi işlədiyi üçün onun 1 yaşı olanda təyinatla Ağdərə rayonunun Göyarx kəndinə köçüblər. Bir müddət orada yaşayıblar. İlk təhsilini də həmin kənddə alıb.

1988-ci ildə ailəsi məcburi köçkün kimi Tərtər rayonunun Bəyimsarov kəndinə gəlib. Təhsilini burada davam etdirib. Kiçik yaşlarından hərbə böyük marağı olan Anar Əliyev ali təhsilini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində alıb.

Hərbi xidmətə 2001-ci ildə Bakıda N saylı kəşfiyyat briqadasında leytenant kimi başlayıb. Daha sonra Salyanda xidmət edib. Şəhid olduğu günə qədər – 6 il – Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində komandir kimi xidmət göstərib.

2008-ci ildə kapitan, 2012-ci ildə mayor, 2015-ci ildə isə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alıb. Beş dili – Azərbaycan, türk, ingilis, rus və erməni dillərini mükəmməl bilən Anar Əliyev, xarici ölkələrdə keçirilən kurslarda, təlimlərdə iştirak edib. 2019-cu ildə keçirilən Beynəlxalq Qars təlimində xüsusi təyinatlılara rəhbərlik edib və Azərbaycan birincilik qazanıb.

Onun həyat yoldaşı Vüsalə Əliyeva qəhrəman zabitimiz haqqında danışarkən belə deyib:
“Müharibədə üç cür insan olur: tank belində şəkil çəkdirənlər, müsahibə verənlər və vuruşanlar. Mən fəxr edirəm ki, Anar Əliyev vuruşanlardan idi.”

Anar Əliyev Vətən Müharibəsinə 2020-ci ilin oktyabrın 11-də Naxçıvandan yollanıb. Döyüşlərə Füzuli istiqamətindən başlayıb, Hadrut, Cəbrayıl, Xocavənd, Qubadlı və Zəngilanın azad olunmasında iştirak edib. Ən çətin yüksəkliklərin alınmasında öndə gedərək əsgərlərinə rəhbərlik edib. Onun son döyüşü Xocavəndin Tuğ yüksəkliyi olub. Burada əvvəl qolundan, sonra göz nahiyəsindən yaralansa da, döyüş mövqelərini tərk etməyib, tapşırıq verib: “Yüksəkliyi düşmənə verməyin!”

Anar Əliyev 2018-ci ildə Naxçıvanda gedən “Günnüt” döyüşündə də iştirak edib və 3 ay evə gəlməyib.

O, övladlarına bahalı maşın və pullar deyil, milyonlarla vəsaitin belə ala bilməyəcəyi bir miras qoyub – QƏHRƏMAN ADINI!

Zəngilanın azad olunması xəbərini Ali Baş Komandana məhz Anar Əliyev çatdırıb.

Vətən Müharibəsindəki yolçuluğu cəmi 10 gün davam etsə də, göstərdiyi misilsiz şücaətə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına, eləcə də “Vətən uğrunda”, “Şuşanın işğaldan azad olunması” medalları ilə təltif edilib.

Polkovnik-leytenant Anar Əliyev II Fəxri Xiyabanda dəfn olunub.

Xidmət dövründə aldığı təltiflər:

III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı

III və II dərəcəli “Qüsursuz xidmətə görə” medalları

“Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi”, “90 illiyi”, “95 illiyi” yubiley medalları

“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı

“Vətən uğrunda” medalı

“Şücaətə görə” medalı

Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin!
Ruhun şad olsun, qəhrəman!

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir