
Bakının Xətai rayonunda uşaq bağçasının giriş qapısını qanunsuz şəkildə bağlayan sürücü valideynlərin haqlı narazılığına səbəb olub.
Bu barədə Patrul.az-a sakinlər tərəfindən məlumat daxil olub.
Bildirilib ki, rayonun Qaçaq Nəbi küçəsi 89 ünvanında yerləşən 199 saylı uşaq bağçasının qarşısında mütəmadi olaraq qanunsuz parklanma halları qeydə alınır. Belə ki, 99-QN-783 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hər gün səhər saatlarından günorta saatlarınadək nəqliyyat vasitəsini birbaşa müəssisənin əsas giriş qapısının qarşısında saxlayır.
Nəticədə bağçanın əsas girişi tamamilə bağlandığından valideynlər övladlarını gətirərkən ciddi çətinliklə üzləşirlər. Onlar uşaqlarını düşürmək üçün ərazidə yer tapa bilmədiklərindən məcbur qalaraq yaxınlıqdakı ödənişli dayanacaqlardan istifadə edirlər.
Bu vəziyyət eyni zamanda potensial təhlükə yaradır. Belə ki, bağça ərazisində hər hansı fövqəladə hadisə baş verərsə və ya təcili tibbi yardım tələb olunan vəziyyət yaranarsa, operativ nəqliyyat vasitələrinin binaya yaxınlaşması mümkünsüz ola bilər.
Valideynlər aidiyyəti qurumlardan azyaşlıların təhlükəsizliyinin və rahat hərəkətinin təmin olunması üçün məsələyə müdaxilə edilməsini, qayda pozan sürücü barəsində qanunamüvafiq tədbirlərin görülməsini xahiş edirlər.
102info.az
