Son illər ailədaxili münasibətlərdə, boşanma proseslərində və şəxsi mübahisələr zamanı gizli izləmə proqramlarından istifadə halları daha çox müzakirə olunur. Bəzən həyat yoldaşının, sevgilinin və ya ailə üzvünün telefonuna onun xəbəri olmadan izləmə tətbiqi quraşdırıldığı iddia edilir. Bəs belə bir addım qanun qarşısında hansı məsuliyyəti yaradır? Telefona gizli izləmə proqramı yükləmək hansı hallarda cinayət hesab olunur?
Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, şəxsin razılığı olmadan onun telefonuna gizli izləmə proqramı quraşdırılması qanunsuzdur və hüquqi məsuliyyət yarada bilər:
“Son dövrlərdə ailə münasibətlərində etimadsızlıq və şəxsi münasibətlərdə nəzarət məqsədilə mobil telefonlara gizli izləmə proqramlarının quraşdırılması halları artmaqdadır. Bir çox şəxslər belə hərəkətin qanunla qadağan olunduğunu və ciddi hüquqi məsuliyyət yaratdığını bilmirlər. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququnu təmin edir və şəxsi həyata qanunsuz müdaxiləni yolverilməz hesab edir. Hətta telefon sahibi həyat yoldaşı, sevgili və ya yaxın qohum olsa belə, onun razılığı olmadan telefonuna gizli izləmə proqramı quraşdırılması qanuni hesab edilmir. Belə proqramlar vasitəsilə yazışmaların, zənglərin, foto və videoların, geolokasiya məlumatlarının və digər şəxsi məlumatların əldə edilməsi şəxsi həyatın gizliliyinin pozulması kimi qiymətləndirilə bilər”.
R. Vəliyev qeyd edir ki,telefonun sahibi və ya pulunu ödəyən şəxs olmaq, onun daxilindəki şəxsi məlumatları gizli izləmək hüququ vermir və belə hallarda cinayət məsuliyyəti yarana bilər:
“Əgər gizli proqram şəxsin xəbəri və razılığı olmadan quraşdırılıbsa və onun şəxsi məlumatları izlənilir, toplanılır və ya üçüncü şəxslərə ötürülürsə, bu hərəkətlər cinayət məsuliyyəti yarada bilər. Xüsusilə xüsusi texniki vasitələrdən istifadə etməklə şəxsi həyat haqqında məlumatların qanunsuz əldə edilməsi, elektron məlumatlara icazəsiz giriş və yazışma sirrinin pozulması ilə bağlı əməllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə tövsif oluna bilər. Hər bir konkret hadisənin hüquqi qiymətləndirilməsi proqramın necə quraşdırılmasından, hansı məlumatların əldə edilməsindən və həmin məlumatlardan necə istifadə olunmasından asılıdır.
Bəzən hesab edirlər ki, telefonun pulunu özləri ödədikləri və ya cihaz ailəyə məxsus olduğu üçün onu istədikləri kimi izləyə bilərlər. Lakin telefonun mülkiyyətçisi olmaq şəxsin daxili məlumatlarını gizli şəkildə izləmək hüququ vermir. Hüquq yalnız əmlaka deyil, həm də həmin əmlakda saxlanılan şəxsi məlumatların toxunulmazlığına təminat verir. Bu səbəbdən gizli izləmə tətbiqinin quraşdırılması mülkiyyət hüququ ilə əsaslandırıla bilməz”.

Vəkil vurğulayır ki, əldə edilən şəxsi məlumatların paylaşılması və ya şantaj məqsədilə istifadə edilməsi məsuliyyəti ağırlaşdıra bilər, zərərçəkən isə həm hüquq-mühafizə orqanlarına müraciət, həm də məhkəmə qaydasında ziyanın ödənilməsini tələb etmək hüququna malikdir:
“Əldə edilən məlumatların sosial şəbəkələrdə paylaşılması, şantaj məqsədilə istifadə edilməsi və ya digər şəxslərə göndərilməsi məsuliyyəti daha da ağırlaşdıra bilər. Belə hallarda yalnız şəxsi həyatın toxunulmazlığının pozulması deyil, həm də digər cinayət tərkibləri yarana bilər. Zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət etməklə həmin proqramın quraşdırılmasının araşdırılmasını tələb edə, həmçinin vurulmuş maddi və mənəvi zərərin ödənilməsini də məhkəmə qaydasında tələb edə bilər.
Nəticə etibarilə, həyat yoldaşının, sevgilinin və ya ailə üzvünün telefonuna onun razılığı olmadan gizli izləmə proqramı quraşdırmaq hüquqi baxımdan ciddi risklər yaradır və konkret şəraitdən asılı olaraq cinayət məsuliyyətinə səbəb ola bilər. Şəxsi münasibətlər heç bir halda şəxsi həyatın toxunulmazlığı hüququnu aradan qaldırmır. Mübahisələrin qanunsuz izləmə üsulları ilə deyil, hüquqi vasitələr və qarşılıqlı etimad əsasında həll edilməsi həm hüquqi, həm də etik baxımdan ən düzgün yanaşmadır”.
Cəmilə Cəfərzadə
102info.az
