
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla münaqişə dövründə qarşıya qoyduğu bütün strateji məqsədlərə praktiki olaraq nail olduğunu açıqlayıb.
Patrul.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri CNBC telekanalına verdiyi müsahibəsində bildirib.
Doha şəhərində aparılan dolayısı sülh danışıqlarına toxunan D.Tramp prosesin müsbət istiqamətdə getdiyinə işarə edib:
“Biz hazırda danışıqlar aparırıq və nəticəni görəcəyik. Amma mənə elə gəlir ki, onlar demək olar ki, bizə lazım olan hər şeyə razılaşıblar”.
Tramp regionda baş verən hadisələri klassik mənada müharibə kimi qiymətləndirmədiyini vurğulayıb:
“Bu, sözün əsl mənasında müharibə deyil. Bu, İranın nüvəsizləşdirilməsi prosesidir”.
O, əsas hədəfin Tehranın nüvə silahı əldə etməsinin qarşısını mütləq şəkildə almaq olduğunu diqqətə çatdırıb.
D.Tramp ABŞ və müttəfiqlərinin bir neçə aydır davam edən hərbi əməliyyatları nəticəsində İranın hərbi infrastrukturunun çökdürüldüyünü iddia edib:
“Mən cəmi 4 aydır buradayam və nəyə nail olmuşam? Onları hərbi cəhətdən tamamilə məğlub etdim”.
Tehranın hələ də hərbi imkanlarının qalması barədə suala cavab verən Ağ Ev rəhbəri sərt xəbərdarlıqla çıxış edib:
“Onların əlində bir neçə raket qalıb, amma biz istəsək, onları da asanlıqla tamamilə silib-süpürə bilərik”.
Özünü “praqmatist” siyasətçi adlandıran Tramp Amerikanı İranla yeni bir “sonsuz müharibəyə” sürükləməyəcəyini, bu böhranı çox qısa müddətdə hərbi-diplomatik təzyiqlərlə həll etdiyini müdafiə edib.
Qeyd edək ki, tərəflər arasında danışıqlarda irəliləyiş olsa da, Hörmüz boğazı kimi hələ də həllini tapmayan strateji məsələlər açıq qalmaqdadır.
102info.az
