
Yay mövsümündə dəniz və çimərliklərə üz tutanların əksəriyyəti telefonlarını uzun müddət günəş altında saxlayır. Mütəxəssislər isə yüksək temperaturun cihazın batareyasına və daxili komponentlərinə mənfi təsir göstərə biləcəyini, bəzi problemlərin isə dərhal deyil, müəyyən müddət sonra üzə çıxa biləcəyini bildirirlər. Yayda dənizdə və çimərlikdə telefonun uzun müddət günəş altında qalması batareyaya və cihazın ümumi işləməsinə necə təsir edir? Bu zədələr sonradan özünü göstərə bilərmi?
Bu mövzu ilə bağlı Patrul.az-ın sualını texnoloq Elvin Həsənov cavablandıraraq bildirib ki, telefonun uzun müddət günəş altında qalması cihazın temperaturunu təhlükəli həddə çatdıra, onun özünü qoruma rejiminə keçməsinə və xüsusilə batareyanın ömrünün qısalmasına səbəb ola bilər:
“Yay aylarında smartfonların ən böyük düşmənlərindən biri su yox, yüksək temperaturdur. İnsanlar adətən telefonu qumun üzərində və ya avtomobildə günəş altında qoyurlar, amma bunun cihaza uzunmüddətli təsir göstərə biləcəyini nəzərə almırlar. Smartfonların əksəriyyəti təxminən 0–35 C temperaturunda normal işləmək üçün nəzərdə tutulub. Birbaşa günəş şüaları altında isə cihazın temperaturu qısa müddətdə 50-60°C və hətta daha yuxarı səviyyəyə çata bilər. Bu zaman telefon özünü qorumaq üçün ekranın parlaqlığını azalda, sürətini aşağı sala və hətta müvəqqəti olaraq sönə bilər. Bu isə nasazlıq deyil, cihazın özünü qoruma mexanizmidir. Ən çox zərər görən hissə isə batareyadır. Yüksək temperatur litium-ion batareyalarda kimyəvi prosesləri sürətləndirir və nəticədə batareyanın istifadə müddəti azalır”.
Mütəxəssis qeyd edir ki, yüksək temperaturun telefona vurduğu zərər hər zaman dərhal hiss olunmur və bəzi problemlər yalnız həftələr, hətta aylar sonra özünü göstərə bilər:
“İnsan bunu həmin gün hiss etməyə bilər. Amma bir neçə həftə və ya ay sonra telefonun daha tez boşaldığını, enerji saxlamadığını və əvvəlki performansını itirdiyini görə bilər. Yəni bəzi zədələr özünü dərhal yox, zaman keçdikcə göstərir. Digər bir səhv isə insanların qızmış telefonu dərhal soyutmağa çalışmasıdır. Məsələn onu soyuducuya qoymaq və ya buzun üstünə yerləşdirmək düzgün deyil. Temperaturun qəfil dəyişməsi cihazın daxilində kondensasiya yarada və elektron hissələrə zərər verə bilər. Ən doğru üsul telefonu kölgəyə qoyaraq təbii şəkildə soyumasını gözləməkdir. İstifadəçilərə tövsiyəm isə çimərlikdə telefonu birbaşa günəş altında saxlamasınlar, mümkün qədər çantada və ya kölgədə qoysunlar. Telefon artıq qızıbsa, həmin anda enerji yığmamaq və ağır tətbiqlərdən istifadə etməmək daha məqsədəuyğundur. Çünki enerji yığılması da əlavə istilik yaradır”.
Cəmilə Cəfərzadə
102info.az
