Ermənistanın 16 güləşçisi Bakıya gələcək

İdman

Ermənistanın 17 yaşadək (U-17) idmançılardan ibarət güləş üzrə yığma komandası Bakıya səfər edəcək.

Patrul.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Ermənistan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Ermənistan komandası Bakıda təşkil olunacaq dünya çempionatında ümumilikdə 16 idmançı ilə mübarizə aparacaq. Onlardan 6-sı sərbəst, 10-u isə yunan-Roma güləşi növündə qüvvəsini sınayacaq.

Sərbəst güləş üzrə baş məşqçi Arşak Hayrapetyanın rəhbərliyi altında paytaxtımızda xalçaya çıxacaq 6 idmançı və onların çəki dərəcələri artıq məlumdur:

Murad Qaribyan (51 kq), Davit Baleyan (55 kq), Qrişa Qevorqyan (60 kq), Erik Papikyan (65 kq) və Varujan Aslanyan (71 kq).

Qeyd edək ki, U-17 dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək. Yarışın rəsmi açılış mərasimi iyulun 27-də saat 17:15-də baş tutacaq. Turnirin proqramına əsasən, görüşlər hər gün iki sessiyada idarə olunacaq: saat 10:30-dan 14:30-dək ilkin və təsnifat mərhələləri, saat 17:00-dan 20:00-dək isə yarımfinallar, medal qarşılaşmaları və mükafatlandırma mərasimləri təşkil ediləcək.

Azərbaycan Güləş Federasiyasının məlumatına görə, Bakıdakı dünya çempionatında 60 ölkədən 663 idmançı, 272 məşqçi və 64 beynəlxalq hakim iştirak edəcək.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir