
Cəlilabadda baş verən ağır yol qəzasında xəsarət alanların son vəziyyəti məlum olub.
Bu barədə Patrul.az-ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, rayonun Əsədli kəndində “Toyota Prado” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan 5 nəfər (3 qadın, 2 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərdən 3-ü (2 kişi, 1 qadın) vəziyyətləri qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicəyə buraxılıb.
Xəsarət alan qadınlardan birinin vəziyyəti orta ağır qiymətləndirilib və daha ixtisaslı xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub. Digər bir qadın pasiyentin isə hazırda xəstəxananın müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Gülbəniz Səfərova
102info.az
