Xalqın və dövlətin xidmətində keçən şərəfli ömür: General-mayor Rasim Musayevin 65 illiyi

Azərbaycan Polisi

10 iyun 2026-cı il Azərbaycan polisi tarixində özünəməxsus iz qoymuş, dövlətə sədaqətli xidməti ilə yaddaşlarda yaşayan mərhum polis general-mayoru Rasim Musayevin anadan olmasının 65-ci ildönümüdür.

Bu gün Azərbaycan hüquq-mühafizə orqanlarının inkişafında mühüm xidmətləri olmuş, həyatını qanunun aliliyinə, ictimai asayişin qorunmasına və vətəndaşlara xidmətə həsr etmiş dəyərli insanın xatirəsi ehtiramla yad edilir.
1960-cı il iyunun 10-da Tərtər rayonunda dünyaya göz açan Rasim Musayev əslən Azərbaycanın qədim yurd yerlərindən olan Göyçə mahalının Kiçik Məzrə kəndindəndir. Uşaqlıq illərindən formalaşan vətənpərvərlik hissi, insanlara hörmət və məsuliyyət duyğusu sonralar onun bütün həyat yolunun əsas istiqamətinə çevrildi.
Rasim Musayev daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində peşəkarlığı, prinsipiallığı, tələbkarlığı və yüksək insani keyfiyyətləri ilə seçilib. O, 2001-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirərək hüquq sahəsində biliklərini daha da təkmilləşdirmiş, dövlətə xidmət yolunda öz peşəkar fəaliyyətini uğurla davam etdirmişdir.
Onun xidmət yolu Azərbaycanın müxtəlif bölgələrində və mühüm struktur bölmələrində davam edib. Binəqədi Rayon Polis İdarəsində rəis müavini və 5-ci Polis Bölməsinin rəisi, Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsində şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi vəzifələrində çalışan Rasim Musayev hər zaman qanunun keşiyində dayanan, insanlara həssas münasibəti ilə seçilən rəhbərlərdən olub.
2005–2007-ci illərdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi kimi fəaliyyət göstərən general bölgədə ictimai sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və polis-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması istiqamətində mühüm işlər həyata keçirib.
Onun rəhbərlik fəaliyyətinin ən mühüm mərhələlərindən biri isə Gəncə şəhəri ilə bağlıdır. 2007-ci ildən etibarən əvvəlcə Gəncə Şəhər Polis İdarəsinin, daha sonra isə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində çalışan Rasim Musayev şəhərdə ictimai təhlükəsizliyin təmin olunması, qanunçuluğun möhkəmləndirilməsi və polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində böyük xidmətlər göstərib. Həm əməkdaşlar, həm də şəhər sakinləri arasında qazandığı nüfuz onun şəxsiyyətinin və idarəçilik bacarığının göstəricisi idi.
Azərbaycan dövlətinin onun xidmətlərinə verdiyi yüksək qiymətin bariz nümunəsi 2011-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsinin verilməsi oldu. Bu yüksək rütbə Rasim Musayevin uzun illər ərzində göstərdiyi nümunəvi xidmətin, dövlətə və xalqa sədaqətinin, peşəkarlığının və rəhbərlik keyfiyyətlərinin təsdiqi idi.
2013-cü ildə öz xahişi ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən ayrılan Rasim Musayev Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin edildi. Bu məsuliyyətli vəzifədə də o, obyektivliyi, prinsipiallığı və ədalətə sadiqliyi ilə seçildi. Daxili işlər orqanlarında intizamın möhkəmləndirilməsi, peşə etikası normalarının qorunması və qanunçuluğun təmin edilməsi istiqamətində yorulmadan çalışdı.
Təəssüf ki, dövlətə və xalqa xidmətlə keçən bu mənalı ömür uzun sürmədi. Rasim Musayev 2015-ci il sentyabrın 3-də Bakı şəhərində ürəktutmasından vəfat etdi. Onun vəfatı ailəsi, dostları və yaxınları ilə yanaşı, bütün Azərbaycan polisi üçün ağır itki oldu. General Mehdiabad qəbiristanlığında torpağa tapşırılıb.
Aradan keçən illərə baxmayaraq, Rasim Musayevin adı və fəaliyyəti bu gün də ehtiramla xatırlanır. Onunla birlikdə çalışmış həmkarları, rəhbərlik etdiyi kollektivlər və minlərlə vətəndaş onu vicdanlı, məsuliyyətli, qayğıkeş və peşəkar insan kimi yad edirlər.
General-mayor Rasim Musayev öz fəaliyyəti ilə sübut etdi ki, polis peşəsi yalnız vəzifə deyil, həm də xalqa və dövlətə xidmət missiyasıdır. O, Azərbaycan polisinin şərəfli ənənələrini ləyaqətlə yaşadan, xidmət yolu ilə gənc nəsillərə örnək olan rəhbərlərdən biri kimi tarixdə qalacaq.
Bu gün doğumunun 65-ci ildönümündə mərhum general-mayor Rasim Musayevi dərin hörmət və ehtiramla yad edir, onun əziz xatirəsi qarşısında baş əyirik.
Allah rəhmət eləsin!

Rasim Musayevin adı Azərbaycan polisinin şərəf salnaməsində daim yaşayacaq.


Tural Kəlbəcərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir