Şifrələrimiz risk altındadır? – MÜTƏXƏSSİSDƏN AÇIQLAMA

Sosial

Son tədqiqatlar göstərir ki, AI alətləri mürəkkəb kombinasiyalı şifrələri belə saniyələr ərzində təxmin etmək qabiliyyətinə malikdir. Bəs bu texnoloji sıçrayış virtual dünyada tam müdafiəsiz qaldığımız, rəqəmsal təhlükəsizliyin tamamilə sonu çatdığı anlamına gəlir? Şifrələrimiz risk altındadır?

Mövzu ilə bağlı Patrul.az-a danışan İT mütəxəssisi Elvin Abbasov bildirib ki, süni intellektin rəqəmsal təhlükəsizlikdə yaratdığı bu risklər ilk baxışdan qorxulu görünsə də, əslində qlobal texnologiya ekosistemi bu təhdidləri neytrallaşdırmaq üçün elə süni intellektin özünə əsaslanan və insan müdaxiləsini minimuma endirən yeni müdafiə sistemləri formalaşdırır:

“Müasir kiber-müdafiə alqoritmləri real vaxt rejimində sistemlərə gələn giriş cəhdlərini analiz edir və əgər bir profilə saniyədə minlərlə kombinasiya yoxlayan anomal bir sürətlə daxil olmağa cəhd edilirsə, süni intellekt həmin İP ünvanını dərhal bloklayır. Yəni hakerlərin istifadə etdiyi hücum alqoritmlərinin qarşısına şirkətlərin daha güclü müdafiə yönümlü süni intellekt zirehləri çıxır ki, bu da rəqəmsal dünyada qüvvələr nisbətini tarazlayır”.

media-img-20260604-wa0019

Digər tərəfdən, qlobal texnologiya nəhənglərinin təhlükəsizlik memarlığının artıq şifrələri tamamilə sıradan çıxardığını və birbaşa cihazın daxili prosessoruna bağlı olan kriptoqrafik sistemlərə keçid etdiyini vurğulayan E.Abbasov əlavə edib:

“Bu yanaşmada sizin smartfonunuz və ya kompüteriniz daxil olmaq istədiyiniz platforma ilə insan tərəfindən oxuna və ya təxmin edilə bilməyən unikal rəqəmsal “anlaşma açarları” vasitəsilə ünsiyyət qurur; ortada qırıla biləcək statik bir şifrə olmadığı üçün süni intellektin təxmin edə biləcəyi bir simvol kombinasiyası da qalmır. Nəticə etibarilə, texnologiya təhdidləri böyütdüyü kimi, onun gətirdiyi rasyonal müdafiə arxitekturası da eyni sürətlə inkişaf edir və rəqəmsal savadlılıq qaydalarına əməl edən istifadəçilər üçün virtual dünyada tam qorunmanı təmin edir”.

Ləman Sərraf

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir