Son illərdə bir çox universitetlər imtahan prosesini tam rəqəmsallaşdırmağa başlayıb. Bu dəyişiklik bir tərəfdən qiymətləndirmədə sürət və şəffaflığı artırsa da, digər tərəfdən tələbələrin yazı, məntiqi ifadə və fikirlərini sərbəst şəkildə formalaşdırmaq bacarıqlarına təsiri ilə bağlı müzakirələr yaradır. Bəs semestr imtahanlarının tam kompüterləşdirilməsi təhsilin keyfiyyətini yüksəldir, yoxsa tələbələri real yazı vərdişlərindən uzaqlaşdırır?
Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az -a açıqlamasında bildirib ki, semestr imtahanlarının forması tələbənin ixtisasına və qiymətləndirilən bacarıqlara uyğun seçilməli, bütün sahələrə eyni model tətbiq edilməməlidir:
“Bu mövzuda vahid yanaşma tətbiq etmək doğru olmaz. Məncə, semestr imtahanlarının tam kompüterləşdirilməsi və ya ənənəvi yazılı formada keçirilməsi tələbənin ixtisasından və qiymətləndirilən bacarıqlardan asılı olaraq müəyyənləşdirilməlidir. Məsələn, informasiya texnologiyaları, mühəndislik və bəzi texniki sahələrdə kompüter əsaslı imtahanlar həm daha operativ, həm də daha obyektiv qiymətləndirməyə imkan yarada bilər. Bununla yanaşı, hüquq, filologiya, jurnalistika, pedaqogika və digər humanitar istiqamətlərdə tələbənin düşüncələrini yazılı şəkildə ifadə etməsi, fikirlərini əsaslandırması və məntiqi ardıcıllıqla təqdim etməsi vacib bacarıqlardır”.

Təhsil eksperti qeyd edir ki,ən optimal yanaşma kompüterləşdirilmiş və yazılı qiymətləndirmə üsullarını birləşdirən hibrid modelin tətbiqidir:
“Bu baxımdan ən məqsədəuyğun yanaşma hibrid model ola bilər. Yəni bəzi fənlər üzrə test və ya kompüter əsaslı qiymətləndirmə tətbiq edilərkən, digər fənlərdə esse, yazılı cavab və analitik tapşırıqlara da yer verilməlidir. Belə olduqda həm texnologiyanın yaratdığı sürət və şəffaflıq üstünlüklərindən istifadə edilir, həm də tələbələrin yazı mədəniyyəti, analitik düşünmə və öz fikirlərini sərbəst ifadə etmə bacarıqları qorunub saxlanılır. Əsas məqsəd imtahan formasını dəyişməkdən daha çox tələbənin malik olduğu bilik və bacarıqları ən düzgün şəkildə ölçə bilən qiymətləndirmə modelini seçmək olmalıdır”.
Cəmilə Cəfərzadə
102info.az
