Bir çox insan gün ərzində heç bir bildiriş gəlməsə belə, dəfələrlə telefonunun ekranını yoxlayır. Bu davranış bəzən adi vərdiş kimi görünsə də, mütəxəssislər bəzi hallarda onun daxili gərginlik, narahatlıq və ya emosional ehtiyaclarla əlaqəli ola biləcəyini bildirirlər. Bəs bu vərdiş nə vaxt normal sayılır, nə vaxt psixoloji problemin siqnalına çevrilir? Daim telefona baxmaq həqiqətən narahatlığın əlaməti ola bilərmi?
Bu barədə psixoloq Orxan Şəfizadə Patrul.az-a açıqlamasında bildirib ki, daim telefona baxmaq bəzən narahatlığın özü deyil, onunla mübarizə üsulu ola bilər:
“Bəli, bəzən ola bilər. Amma hər telefona baxan insan narahat deyil. Məsələ telefonda deyil, onu niyə əlinə aldığındadır. Bəzi insanlar telefondan məlumat almaq üçün istifadə edir. Bəziləri isə daxildəki narahatlıqdan qaçmaq üçün.
Heç fikir vermisiniz? Telefon bəzən zəng çalmadığı halda belə onu yoxlayırıq. Bildiriş gəlmədiyini bilə-bilə ekranı açırıq. Sosial şəbəkələr arasında məqsədsiz dolaşırıq. Bu davranışın arxasında çox vaxt bir sual gizlənir:
“Daxilimdə hiss etdiyim boşluqdan necə uzaqlaşım?”
Narahat beyin sakit qalmaqda çətinlik çəkir. O, daim yeni stimul axtarır. Telefon isə buna ən asan çıxış yoludur. Bir neçə saniyəlik video, yeni mesaj, bəyənmə və ya xəbər beynə qısa müddətli rahatlıq hissi verir. Lakin bu rahatlıq keçici olur. Sonra insan yenidən telefona uzanır. Beləcə telefon səbəb deyil, daxildəki gərginliyin müvəqqəti ağrıkəsicisinə çevrilir”.

Psixoloq vurğurlayır ki, əsl sakitlik ekranda deyil, insanın öz daxilində başlayır:
“Əgər sən: Heç bir səbəb olmadan telefonu tez-tez yoxlayırsansa, telefonsuz qalanda narahat olursansa, tək qalmaq və düşüncələrinlə üz-üzə qalmaq sənə ağır gəlirsə, onda problem telefondan daha dərində ola bilər. Həqiqi sakitlik ekranın işığında deyil. O, insanın öz daxili dünyası ilə barışmağa başladığı yerdə yaranır”.
Cəmilə Cəfərzadə
102info.az
