
Müasir dövrdə sosial şəbəkələrdə sadə bir fotoşəkil paylaşmaq, ilk baxışda zərərsiz görünə bilər. Lakin kiberdaxıllar və hackerlər üçün bu şəkillər rəqəmsal bir xəzinə xəritəsidir. Bəzən fərqində olmadan paylaşdığımız tək bir vizual, şəxsi təhlükəsizliyimizi və rəqəmsal varlığımızı tamamilə riskə ata bilər.
Patrul.az-ın araşdırmalarına əsasən, bircə fotoşəkil vasitəsilə hackerlərin əldə edə biləcəyi ən kritik məlumatlar bunlardır:
Metadata (EXIF Məlumatları): Smartfonla çəkilən hər bir şəklin arxasında gizli koordinatlar olur. Şəkli çəkdiyiniz dəqiq yer (GPS), cihazın modeli, çəkiliş tarixi və saatı bu məlumatların içində yer alır. Hackerlər xüsusi proqramlarla bu datanı çıxararaq sizin ev, iş və ya gündəlik marşrutunuzu asanlıqla təsbit edə bilirlər.
Arxa Fondakı Gizli Detallar: Evin pəncərəsindən görünən mənzərə, masanın üzərində unudulmuş bir faktura, kuryer etiketli bağlama və ya divardan asılmış təqvim hackerlərə sizin maliyyə vəziyyətiniz, yaşadığınız dəqiq ünvan və gündəlik rutininiz barədə ipucları verir.
Biometrik Data və Səsli Təhlükələr: Yüksək keyfiyyətli selfilər və xüsusilə kameraya qarşı göstərilən “sülh” (peace) işarəsi (iki barmaq) son araşdırmalara görə barmaq izinizin kopyalanmasına şərait yaradır. Bundan əlavə, üz cizgiləriniz süni intellekt vasitəsilə biometrik kilidlərin qırılmasında və ya “Deepfake” fırıldaqçılığında istifadə edilə bilər.
İş Yeri və Korporativ Casusluq: Ofis daxilində çəkilən şəkillərdə arxada açıq qalan monitorlar, kompüterə yapışdırılan şifrə qeydləri və ya iş vəsiqələri (bədclər) şirkətlərə qarşı kiberhücumlar üçün giriş qapısı rolunu oynayır.
Paylaşdığımız hər bir foto, hackerlərin bizi hədəf alan “sosial mühəndislik” ssenarilərini hazırlaması üçün bir pazl parçasıdır. Rəqəmsal dünyada tamamilə müdafiəsiz qalmamaq üçün şəkilləri sosial şəbəkələrə yükləməzdən əvvəl EXIF məlumatlarını silmək, arxa fondakı detallara diqqət yetirmək və gizlilik parametrlərini hər zaman yüksək saxlamaq həyati əhəmiyyət kəsb edir. Unutmayın, internetə düşən hər bir vizual sizin rəqəmsal ayaq izinizdir.
Cəmilə Cəfərzadə
102info.az
