Quba polisi: Vətəndaşların polisə maneəsiz müraciət etmələri və problemlərinin çevik həll yolunun tapılması təqdirlə qarşılanır

Azərbaycan Polisi
Spread the love

Quba polisi: Vətəndaşların polisə maneəsiz müraciət etmələri və problemlərinin çevik həll yolunun tapılması təqdirlə qarşılanır.


Bu gün Azərbaycan Daxili İşlər Nazirliyi dövlətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dünyanın, xüsusilə də Avropanın beynəlxalq polis strukturlarına tam inteqrasiya olunmaq yolunda inamla irəliləyir. İkitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması əldə olunan nailiyyətləri daha da möhkəmləndirir. İndi Azərbaycan Polisi BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, habelə digər beynəlxalq qurumlarda yüksək səviyyədə təmsil olunur. İndiyədək 50-yə yaxın dövlətlə 48 ikitərəfli, 27 dövlətlə çoxtərəfli hökumətlər arası, həm də idarələr arası saziş, memorandum protokolu imzalanmışdır.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülür. Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işləri həyata keçirilir.
Hazırda Azərbaycan Polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, içdiyi anda və vəzifə borcuna sadiq qalaraq ona inamı və etimadı doğruldur. Xalqın etimadını qazanan polis dəstələrindən biri də təcrübəli polis zabiti Mehman Əliyevin rəhbərlik etdiyi Quba Rayon Polis Şöbəsinin şəxsi heyətidir.
Cinayətkarlıqla mübarizə işində qətiyyət göstərən, ictimai asayişin keşiyində möhkəm dayanan Quba polisi narkomaniyaya qarşı mübarizə müstəvisində də səmərəli fəaliyyət keçirir. İl ərzində bir neçə dəfə Quba polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirib, nəticədə narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən ayrı-ayrı şəxslər və qruplar saxlanılıb.
Bundan başqa, Quba polisi gəncləri narkotik vasitələrdən çəkindirmək üçün də maarifləndirici işlər görür. Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun məktəblərində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbirləri keçirilir. Tədbirlərdə RPŞ-nin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri, təhsil müəssisələrinin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak edirlər.
Xatırlayırıq, cənab Mehman Əliyev Qubada polis rəisi vəzifəsində xidmətə başlayan kimi demək olar birinci xeyirxah jestini şəhid ailələrinə qayğı müstəvisində göstərmişdi. Bu gün əhalisinin etnomüxtəlifliyi ilə seçilən Quba rayonunda siyasi baxışlarından, qulluq mövqeyindən asılı olmayaraq hər kəs polisə müraciət edib problemlərinin həllinə nail ola bilir. Daxili işlər orqanlarının fəaliyyətinə hətta tənqidi münasibəti ilə seçilən ictimai fəallar da vətəndaşların polisə maneəsiz müraciət etmələrini və çevik həll yolunun tapılmasını təqdirlə qarşılayırlar.
KİV-ə verdiyi müsahibələrdə cənab Mehman Əliyev bildirir ki, ölkənin ərazi bütövlüyünün qorunması, dövlət çevrilişinə cəhdlərin qarşısının alınması, ayrı-ayrı qeyri-qanuni silahlı dəstələrin ləğv edilməsi və digər dövlət və ümumxalq əhəmiyyətli məsələlərdə Azərbaycan polisi daim öndə olmuş, öz vəzifəsini peşəkarcasına yerinə yetirmişdir. Minnətdarlıqla qeyd edir ki, Ulu öndərimiz Heydər Əliyevin layiqli siyasi davamçısı olan ölkə Prezidenti İlham Əliyev cənabları Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə, ölkəmizin bütün vətəndaşlarına olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində çalışanlara da daim diqqət və qayğı göstərir.
Məhz həmin qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan polisi, o cümlədən, Quba RPŞ-nin kollektivi regionun ən peşəkar, intellektual səviyyəli hüquq-mühafizə orqanlarındandır.

Müəllif: Ceyhunə İbadova

102-ci qəzetin əməkdaşı

“Qızıl Qələm” mükafatı laureatı

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir