“Dünyanı təhdid edən təhlükələrin pik həddə çatdığı bir dövrdə bəzi güc mərkəzləri ikili standartlar siyasətindən hələ də əl çəkməyiblər. Belələri ya mövcud təhlükənin miqyasını görə bilmir, ya da öz məsuliyyətlərini sonadək dərk etmirlər. Rusiya-Ukrayna müharibəsinə görə, bir tərəfdən, çoxsaylı sanksiya qərarları qəbul edilir, digər tərəfdən isə, bu sanksiyaların pozulmasında tez-tez adı hallanan Ermənistanın addımlarına göz yumulur”.
Milli Məclisin deputatı Aqil Məmmədov 102info.az–a açıqlamasında “Ukrainskaya Pravda” qəzetinin 4 iyul tarixli sayında “Erməni batalyonunun Moskvada müharibəyə qatılmaq üçün xeyir-dua aldığı tədbirdə Avromeydan hadisələrində iğtişaşlar törədən qrupun təşkilatçısı iştirak etmişdir” adlı məqaləyə münasibət bildirərkən bu sözləri söyləyib.
Millət vəkili bildirir ki, ermənilərin qeyri-legitim silahlı birləşmələrdə silahlı dəstələrdə təmsil olunması artıq tarixi ənənəyə çevrilib: “Bu haqda yayılmış fotolarda erməni kilsə xadimlərinin Ukraynanın Donbas regionunda döyüşlərə qatılacaq erməni döyüşçülərə xeyir-dua verməsi əks olunur. Keşişin yeni yaradılmış “ARBAT” batalyonunun komandiri Abrek ləqəbli Hayk Qasparyana xaç çəkərək salamlamasını görmək olar. Hayk Qasparyan Vaqner qrupunda hərbi təlim aldığını bildirir. Buradan belə çıxır ki, erməni kilsəsi Ukrayna ərazisində işğalçı müharibəni dəstəkləyir və erməni kilsəsi dinc Ukrayna əhalisini qırmağa yollanan terrorçuların təşkilatlanmasında iştirak edir”.
A.Məmmədov bildirir ki, 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyətdən sonra Ermənistan hakimiyyəti ilə yanaşı, erməni cəmiyyəti də dərin mənəvi-psixoloji sarsıntı içərisindədir: “Səbəbi isə budur ki, onlar hələ də işğalın və separatçılığın yolverilməz olduğunu qəbul etmirlər. Hətta onun da fərqində deyillər ki, mütərəqqi dünya ölkələrinin əksəriyyəti artıq bu cür təhlükəli meyillərə qarşı ortaq mövqe formalaşdırır. Ən başlıcası, ermənilər “məğlubedilməzliklə” bağlı xəstə xülyalarında yanıldıqları ilə barışa bilmirlər. Təəssüf ki, bu cür xəstə və təhlükəli mənəvi-psixoloji ab-havanın formalaşmasında vaxtilə Ermənistanı işğala, Qarabağdakı erməniləri isə separatçılığa şirnikləndirən dairələr də az rol oynamayıb. Acınacaqlı olan həm də budur ki, beynəlxalq hüququ ikili standartların və siyasi ambisiyalarının güdazına verən bəzi aparıcı dövlətlər ermənilərin qəflət yuxusundan oyanmasını, xam xəyallardan uzaqlaşmasını hələ də istəmir. Belə olmasaydı, din xadimləri işğalçı müharibəyə dəstək verməzdi, erməni kilsəsi dinc ukraynalıları qırmağa gedən terrorçu dəstənin təşkilatlanmasında iştirak etməzdi. Nəhayət, bu belə olmasaydı, erməni kilsəsi Ukraynada qadınlara, qocalara, hətta uşaqlara qarşı cinsi təcavüz cinayətlərinin törədilməsinə səbəb olmuş müharibəyə Ermənistanın bayrağı altında öz millətinin nümayəndələrini göndərməzdi. Heç şübhəsiz ki, bütün bunlar əxlaq və mənəvi dəyərlər seçiminin göstəricisidir. Bu dəyərlərin nə dərəcədə aşındığını görmək istəməyən və hələ də Ermənistana havadarlıq edən dairələr bilməlidirlər ki, erməni Apostol kilsəsinin təşviq etdiyi mənəviyyatsızlıq və bu gün Ukraynaya göndərdiyi terrorçu dəstə bir gün onların da qapısına dirənə bilər. Çünki mənəviyyatsızlıq sərhəd tanımır”.
www.102info.az
