Prezident İlham Əliyevin Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışında səsləndirdiyi fikirlər mühüm önəm kəsb edir. Ermənistanın işğalı dövründə həyata keçirilən barbarlıq və vandalizm aktları nəticəsində Ağdam şəhəri tamamilə dağıdılıb viran qoyulub. 30 il ərzində Ağdam şəhəri, rayonun bütün kənd və qəsəbləri Ermənistan tərəfindən talanıb, hətta evlərin, tikililərin daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, oğurlanıb və satılıb. Bu illər ərzində ermənilər tərəfindən Azərbycan xalqına məxsus olan bütün tarixi tikililər, mədəni, dini abidələr məhv edilib, İslam dəyərləri, məscidlər təhqirə məruz qalıb. Vandalizmin acı nəticəsi olaraq işğal edilmiş ərazilərdəki məscidlərimizdə ermənilər donuz, inək saxlaması faktları var.
102info.az Teleqraf.com-a istinadən xəbər verirki bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağılıb: “Şuşa, Laçın və qismən də Kəlbəcərdə az-çox yaşayış binalarının qalmasına baxmayaraq, bütün infrastruktur məhv edilib. Eyni zamanda Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirməklə qanunsuz məskunlaşma siyasəti aparıb. Sözsüz ki, bu, beynəlxalq hüquqa, Cenevrə Konvensiyasiyalarına zidd addımdır”.
Millət vəkili işğaldan azad edilmiş ərazilərdə bu gün ən böyük mane olan mina təhlükəsindən bəhs edib: “Ermənilər işğal dövründə bu ərazilərə 1 milyondan çox mina basdırıb. Məhz bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan sonar təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Təəsüf ki, hələ də azad edilmiş ərazilərdə mina təhlükəsi və bunun yaradacağı acı nəticələr qalmaqdadır. Bu fakt Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı olan terror siyasətinin mahiyyətindən, insanlığa qarşı cinayətinin davam etməsindən xəbər verir”.
Aqil Məmmədov bildirib ki, erməni təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistan ərazisindəki tarixi ata-baba yurdlarından 1 milyondan çox azərbaycanlı zorla qovularaq etnik təmizləməyə məruz qalıb: “İşğal edilmiş ərazilərdə isə bu müddət ərzində Ermənistan tərəfindən böyük talançılıq və barbarlıq həyata keçirilib. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu ərazilərə gələn yerli və xarici qonaqlar erməni vəhşiliyinin nəticəsinin şahidi olublar. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar bu ərazilərdən olan talançılığa hiddətlərini gizlətmir. Sözsüz ki, bu gün güclü Azərbaycan dövləti özünə məxsus tarixi ərazilərdə geniş quruculuq bərpa işlərini icra edir. Bütün bunlar ona dələlət edir ki, bu ərazilərimizdə də qısa zamanda həyat öz axarına düşəcək. İnsanlar öz ata-baba yurdlarında əbədi və xoşbəxt yaşamağa başlayacaq”.
Ətraflı
Milli Məclisin deputatı Sevinc Hüseynova hesab edir ki, 30 il iğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi bu vəziyyəti sonsuza qədər saxlamaq idi: “Məhz ona görə də danışıqlar heç bir nəticəsi olmadan 30 ilə yaxın davam edib. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digər qurumların Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə baxmayaraq bu icra edilməyib. Xüsusilə, BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkməyib”.
Deputat təəsüflə qeyd edib ki, bu illər ərzində beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yumub: “ATƏT-in Minsk Qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib və bu ərazilərdəki qəddarlığı, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşma siyasətini görmələrinə rəğmən buna etiraz etməyib. Bu gün isə Azərbaycan dövləti bu ərazilərdə böyük bərpa quruculuq prosesini icra edir. Ölkəmiz II Qarabağ müharibəsindən dərhal sonra bölgədə daimi sülhün təminatı üçün Ermənistana 5 bənddən ibarət təklif göndərib. Yaxşı olardı ki, Azərbaycan xalqının iradəsini və ölkəmizin potensialını Ermənistan düzgün qiymətləndirməyi bacarsın. Çünki iki ölkə arasında delimitasiyası-demarkasiya məsələləri qısa zamanda həll edilməlidir. 30 ilə yaxın davam erməni işğalı zamanı sərhəd xəttləri pozulub. Ona görə də, indiki mərhələdə 400 kilometrdən çox sərhədi müəyyənləşdirmək vacib şərtdir. Bunun üçün tarixi sənədlərə, xəritələrə, beynəlxalq təcrübəyə əsaslanaraq konkret addım atılmalıdır”.
Sevinc Hüseynova Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması üçün Azərbaycan dövlətinin gördüyü böyük quruculuq-bərpa işlərindən bəhs edib: “Artıq Böyük Qayıdış proqramı başlayıb. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün bütün zəruri imkanlar səfərbər edilməklə vacib infrastruktur formalaşdırılır. Dövlətimiz tərəfindən keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün addımlar atılır. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib istifadəyə verilib. Artıq Zəngilan Beynəlxalq Hava Limanının açılması planlaşdırlır. Eyni zamanda 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Bütün bunlar azad edilmiş bölgələrimizdə yaxın zamanda tarixi kənd qəsəbə və şəhərlərimizin bərpa olunacağına, insanlarımız dogma yurdlarına əbədi yaşayacağına hədəflənib”.
Müəllif: Tapdıq Qurbanlı
www.102info.az
