Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq muxtar respublikada şəhərdaxili və rayonlararası nümunəvi sərnişindaşıma xidməti həyata keçirilir, müasir avtobuslar və elektrobuslar alınaraq xəttə buraxılır. Bu da vətəndaşların rahatlığına, eləcə də ekoloji təhlükəsizliyə xidmət edir.
Mayın 13-də “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinə 6 yeni elektrobus təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
“Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin direktoru Əli Hüseynəliyev çıxış edərək deyib ki, muxtar respublikada müasir standartlara cavab verən yolların çəkilməsi, bütün xidmət imkanlarına malik avtovağzalların tikilməsi və ya yenidən qurularaq istifadəyə verilməsi, beynəlxalq marşrutlarda, eləcə də Naxçıvan şəhərdaxili marşrutunda iritutumlu, yüksək komfortlu avtobusların gətirilərək xəttə salınması sərnişindaşıma xidmətinin səviyyəsini yüksəldib. İctimai nəqliyyatda xidmətin keyfiyyətinə və xəttə buraxılan avtonəqliyyat vasitələrinin texniki cəhətdən sazlığına mütəmadi nəzarət olunur, əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsi yüksəldilir. Görülən işlərin davamı olaraq Çin Xalq Respublikasının istehsalı olan 6 “King Long” markalı elektrobus alınıb gətirilib.


www.102info.az
