Deputat: “Rusiya defolt olmamağa çalışır”

İqtisadiyyat

“Şimal qonşumuzun defolt ola bilməsi ilə bağlı yayılan açıqlamalar Rusiyanın bu gün 117 milyon dollarlıq dollar denominasiyalı bondlar üzrə faiz ödəmə öhdəliyi ilə bağlıdır. Belə ki, Rusiyanın 630 milyard dollarlıq xarici valyuta ehtiyatları dondurulduğu üçün ölkə dollar ödənişlərini etməkdə çətinliklə üzləşib”. 

102info.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib. 

Deputat bildirib ki, “Qazprom”, “Lukoyl” kimi şirkətlərin xaricdəki 150 milyard dollarlıq aktivlərindən istifadə də bloklanıb. 

“Rusiyaya dollar və avro təchizatına qadağa olduğu üçün ölkə xarici valyuta problemləri ilə üz-üzədir. Rusiyanın kredit reytinqini kəskin aşağı salan beynəlxalq agentliklər də Moskvanın defoltun bir addımlığında olduğunu bəyan ediblər.

Rusiya defolt elan olunacağı halda bu ölkənin 1998-ci ildən sonra ilk borc, 1917-ci il inqilabından sonra isə ilk xarici valyutalar üzrə borc defoltu olacaq. Belə ki, 115 il öncə, inqilabdan sonra Rusiya hökuməti xarici valyutada olan borclarını tanımaqdan imtina edərək ödənişlər etməmişdi.

Rusiya defolt olarsa, ölkə iqtisadiyyatına investorların inamı ciddi şəkildə sarsıla bilər. Sanksiyalardan sonra Rusiya iqtisadiyyatı ciddi valyuta problemləri ilə üzləşməkdədir. Artıq hökumət valyuta qıtlığını etiraf edərək minimumlaşdırıcı addımlar atmağa çalışır. Ötən il 1.5 trilyon dollarlıq iqtisadiyyata malik olan Rusiya 117 milyon dollarlıq ödənişə görə defolt təhlükəsi ilə üzləşib. Sanksiyalar ölkənin xarici valyuta ödənişi və manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb”.

V.Bayramov qeyd edib ki, təbii ki, Rusiya defolt olmamağa çalışır.

“Ödənişlər ilə bağlı digər vasitə borcun rubl ilə qaytarılması versiyası ola bilər. Amma bu, müqavilə şərtlərindən və borcunu alacaq investorların mövqelərindən asılıdır. Bütün borcların rubl ilə qaytarılması real və inandırıcı görünmür.

Reallıq budur ki, sanksiyalar Rusiya üçün mövcud iqtisadi qapıların əksəriyyətini bağlayıb. Hətta əgər bu gün Rusiya defoltdan yayınmağı bacarsa belə, sanksiyalar davam edərsə, növbəti ödənişlərdə oxşar problemlərin olacağı qaçılmazdır. Qərb isə sanksiyaların dairəsini genişləndirməkdədir. Deməli, bu, sadəcə başlanğıcdır”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir