Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılması Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, sağlamlığını itirən insanların, onların ailə üzvlərinin daim diqqət mərkəzində olduğunu, heç kimin unudulmadığını təsdiqləyən növbəti fakt kimi qiymətləndirilməlidir.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramı dövlətimizin başçısının 30 illik zaman kəsiyində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizədə iştirak edən hər kəsin əməyinə verdiyi dəyərin bariz nümunəsidir.
Azər Kərimli qeyd edib ki, Prezident İlham Əliyev hələ 2021-cu il dekabrın 23-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb: “Bu fərmana qədər qanunvericilikdən irəli gələn bir sıra məqamlarla bağlı Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik müavinət ala bilmirdilər. Lakin Azərbaycan Prezidenti hər zaman olduğu kimi humanizm prinsiplərini əsas götürərək, Birinci Qarabağ müharibəsi əlillərinin birdəfəlik müavinət almalarına imkan yaratdı və bir daha insan amilinin dövlət siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdırdı”.
Millət vəkili bildirib ki, birinci və ikinci Qarabağ müharibələrinin şəhid ailələri, müharibə əlillərinə qayğı Azərbaycan dövlətinin sosial siyasətinin aparaıcı istiqamətini təşkil edir: “Artıq 13 minə yaxın şəhid ailəsi və qazi mənzillərlə, 7 min 400-dən artıq qazi avtomobillə təmin edilib. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulib. 2025-ci ilə qədər mənzillə təmin olunmayan bir nəfər də olsun şəhid ailəsi və Qarabağ qazisi qalmayacaq”.
Azər Kərimli birinci və ikinci Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə dövlət qayğısının davamlı olduğunu və dövlətimiz üçün Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızın ailə üzvlərinin, müharibə əlillərinin rifahının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
www.102info.az
