Məzuniyyətə çıxan işçi işdən qovula bilər? – Vəkildən AÇIQLAMA

Sosial

Yay aylarında bir çox işçi illik əmək məzuniyyətinə çıxır. Bəs işçi məzuniyyətdə olduğu müddətdə işəgötürən onunla əmək müqaviləsinə xitam verə bilərmi? Qanunvericilik bu məsələdə işçinin hüquqlarını necə qoruyur və hansı hallarda məzuniyyətdə olan əməkdaşın işdən azad edilməsinə yol verilir?

Məsələ ilə bağlı vəkil Ramil Vəliyev Patrul.az-a açıqlama verib. O bildirib ki, məzuniyyət işçinin qanunla təmin edilmiş istirahət hüququdur və işəgötürən bu hüquqa hörmət etməyə borcludur:

‘’Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, işçinin illik əmək məzuniyyətində olduğu müddətdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə, bir qayda olaraq, yol verilmir. Bu qaydanın əsas məqsədi işçini məzuniyyətdə olduğu dövrdə əsassız və gözlənilməz işdən çıxarılmaqdan qorumaqdır. İstisna hal kimi yalnız müəssisənin ləğv edilməsi nəzərdə tutulur. Belə olan halda əmək münasibətlərinə xitam verilə bilər, lakin qanunvericiliyin müəyyən etdiyi bütün təminatlar təmin edilməlidir’’.

Vəkil qeyd edib ki, əgər işçi məzuniyyətdə olduğu vaxt intizam tənbehi, ixtisar və ya digər əsaslarla işdən azad edilərsə, bu, əksər hallarda qanunvericiliyin pozulması hesab olunur:

‘’Belə qərar işçinin əmək hüquqlarının, o cümlədən əmək təminatı və məzuniyyət hüququnun pozulmasına səbəb olur. İşəgötürən məzuniyyətdə olan işçini qanunsuz olaraq işdən çıxardıqda, həmin əmrin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmək mümkündür. İşçi ilk növbədə işdən çıxarılma əmri, əmək müqaviləsi, məzuniyyət əmri və digər aidiyyəti sənədləri toplamalıdır. Daha sonra qanunsuz işdən çıxarılmanın ləğvi, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə orta əməkhaqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə işəgötürənin qərarını qanunsuz hesab etdikdə, işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və işsiz qaldığı dövr üçün əməkhaqqının ödənilməsi barədə qərar qəbul edə bilər’’.

R. Vəliyev əlavə olaraq bildirib ki, işçi Dövlət Əmək Müfəttişliyi Xidmətinə də şikayət edə bilər:

‘’Bu qurum işəgötürənin əmək qanunvericiliyinə əməl edib-etmədiyini araşdırmaq və pozuntu aşkar etdikdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək səlahiyyətinə malikdir. Unutmaq olmaz ki, hər bir işdən çıxarılma faktı ayrıca qiymətləndirilməlidir. Bəzi hallarda əmək müqaviləsinin işçinin öz təşəbbüsü ilə ləğv edilməsi, tərəflərin qarşılıqlı razılığı və ya müəssisənin ləğvi kimi hallar fərqli hüquqi nəticələr doğurur. Buna görə də, məzuniyyət dövründə işdən çıxarılan şəxs sənədlərini hüquqşünasa təqdim etməli və vəziyyətini hüquqi baxımdan qiymətləndirməlidir’’.

Vəkil vurğulayıb ki, qanunsuz işdən çıxarılma ilə barışmaq düzgün yanaşma deyil, çünki əmək qanunvericiliyi işçinin hüquqlarının bərpası üçün kifayət qədər effektiv müdafiə mexanizmləri nəzərdə tutur:

‘’İşçinin öz hüquqlarını vaxtında müdafiə etməsi həm iş yerinə bərpa olunmasına, həm də vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə imkan yarada bilər’’.

Sevinc Yarməmmədova

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir