107 İl Xidmətdə: Səssiz Gecələrin Səsli Qəhrəmanları

Azərbaycan Polisi

Bu ölkədə gecə rahat yatmaq üçün gərək kimsə gecəni oyaq keçirsin. Küçələrdə sükut varsa, deməli haradasa bir polis ayaq üstədir. Bu sadə görünən, amma ağır məsuliyyət daşıyan gerçəkliyi qəbul etmək hər kəsin borcudur. Polis olmaq – sadəcə bir peşəyə sahib olmaq deyil, bu, vətənə və xalqa xidmət andı, qanun qarşısında məsuliyyət, vicdan qarşısında hesabatdır.

Azərbaycan Polisinin yaranmasından bu gün 107 il ötür. Əsrlərlə sayılmasa da, bu yüzillik tarix bir millətin müstəqillik və təhlükəsizlik uğrunda apardığı mübarizənin sətirlərinə yazılıb. 1918-ci ilin isti yay günlərində Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan polis orqanları, ilk gündən etibarən dövlətçiliyin və ictimai asayişin təməl dayaqlarından biri olmuşdur. Dövlət quruculuğunun çətin və ziddiyyətli mərhələlərində, 20-ci əsrin qanlı-qadalı illərində, 90-cı illərin mürəkkəb siyasi və ictimai böhranlarında bu qurum xalqla dövlətin arasında bir körpü, bir sipər olmuşdur.

107 ildir təkcə qanunları yox, həm də cəmiyyətin dincliyini qoruyur. Elə bu səbəbdəndir ki, polis forması bəzən təkcə bir geyim deyil, bir simvoldur – qorunmaq istəyənin ümidinə, pozmaq istəyənin qorxusuna çevrilir. Bu simvol qanun qarşısında məsuliyyətin, vətəndaş qarşısında xidmətdə olmağın nişanəsidir.

Uzun illərdir Daxili İşlər Orqanlarında çalışan və hazırda bu sistemə rəhbərlik edən general-polkovnik Vilayət Eyvazovun fəaliyyəti polisin ictimai imicinə, peşəkarlığına və funksional strukturuna yeni nəfəs verib. Onun sərt, sakit, lakin nəticə yönümlü idarəçilik tərzi bir çox beynəlxalq göstəricilərdə də özünü göstərməkdədir. Xüsusilə kibercinayətkarlığa, narkotik yayımına və qeyri-qanuni silah dövriyyəsinə qarşı apardığı sistemli mübarizə, həmçinin struktur daxilində nizam-intizamın artırılması cəmiyyətin də, hüquq-mühafizə sisteminin də etimadını qazanıb.

Daxili İşlər Nazirliyində həyata keçirilən islahatlar, şəffaflıq və vətəndaş məmnunluğunun artırılması yönündə atılan addımlar polisin çağdaş Azərbaycan cəmiyyətində daha çevik və çevrə ilə uzlaşan bir instituta çevrilməsinə səbəb olub. Həm paytaxtda, həm də bölgələrdə polis-vətəndaş münasibətləri daha sıx, daha güvənli bir forma almaqdadır.

Bu peşə yalnız fiziki güclə, ya hüquqi biliklə icra olunmur. Polis olmaq üçün insan psixologiyasını anlamağı, hər hadisədə obyektivliyi qorumağı və ən əsası, nəfsini idarə etməyi bacarmalısan. Sənin iradənin zəiflədiyi yerdə bir cinayətkar daha cəsarətli ola bilər. Sənin reaksiyanın ləngidiyi an bir həyat risk altına düşə bilər. Polis olmaq hər an ayıq olmaq, hər an mübarizədə olmaq deməkdir.

Polisin işi təkcə cinayətkarı tutmaqla yekunlaşmır. O, cəmiyyətin sabitliyini, gənclərin təhlükəsizliyini, qadınların və uşaqların rahatlığını, dövlətin hüquqi əsaslarını qoruyur. Polis bəzən bir ailənin qoruyucusu, bəzən bir məktəbin təhlükəsizlik sipəri, bəzən isə bir şəhərin sakit nəfəsidir.

Bəzən polis yalnız cinayətkarla mübarizə aparmır, bəzən cəmiyyətin öz içində formalaşdırdığı mənfi stereotiplərlə, haqsız ittihamlarla, səssiz dəstək gözləyən bir sistemin çarəsizliyi ilə savaşır. Amma yenə də dayanır. Yenə də qoruyur. Yenə də müdaxilə edir – çünki bu onun borcudur.

Bu gün polisin işi nə 1918-ci ildəki kimidir, nə də 90-cı illərin ilk günlərindəki kimi. İndi hər addım texnologiya ilə izlənir, hər zəif nöqtə cəmiyyətin açıq müzakirəsinə çevrilir. Belə bir zamanda polisin hədəfi təkcə cinayətkarı tutmaq yox, həm də ictimai inamı qorumaqdır. Bu isə heç də asan deyil. Polis rəqəmsal dövrün yeni təhlükələrinə qarşı da daim hazır olmalıdır: kibercinayətkarlıq, informasiya təxribatları, sosial şəbəkələrdə radikal çağırışlar – bunların hər biri artıq polisin gündəminin ayrılmaz parçasıdır.

Eyni zamanda, polis bu gün təkcə əməliyyatlar aparan qurum deyil. O, həm də maarifləndirici missiya daşıyır. Məktəblərdə uşaqlarla, ictimai yerlərdə vətəndaşlarla keçirilən görüşlər, önləyici tədbirlər, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi polisin profilaktik funksiyasını da xeyli artırıb.

Mən bu yazını sadəcə 107 ilin qeyd olunması üçün yazmıram. Mən bu yazını yazıram ki, polis peşəsinin nə qədər ağır və eyni zamanda nə qədər vacib olduğunu unutmayaq. Polis hər zaman bizim yanımızda olmasaydı, hüququn da, azadlığın da mənası olmazdı.

Qanunu qoruyan olmadan, qanun yaşaya bilməz. Hər sabit cəmiyyətin arxasında gecə-gündüz xidmət edən, şəxsi həyatını və rahatlığını ikinci plana atan bir polis dayanır. Və bu səbəbdən, istər polis bayramı olsun, istər adi bir gün – bir polislə rastlaşanda ona yalnız “xidmətinizə görə təşəkkür edirik” demək yetərlidir. Bəzən bir təşəkkür də onların yüklərini azacıq da olsa yüngülləşdirə bilir.

Polis – dövlətin güzgüsüdür. Onun parlaqlığı həm dövlətin, həm də cəmiyyətin sağlamlığından xəbər verir. Qoy o güzgü daim təmiz və parlaq qalsın.

Jalə Asiman

Edliyyeinfo.az xəbər portalının təsisçisi və baş redaktorudur.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir