Ağsaqqallıq və Ziyalılıq Nümunəsi – Qardaşxan Nəbiyev 60 Yaşında

Təhsil

Bu gün – 20 mart 2024-cü il tarixində, dəyərli əmim, əmilərimin ağsaqqalı, həyatımda və təhsil illərimdə xüsusi rolu olan insan, Kəlbəcər rayonunun 102 nömrəli tam orta məktəbinin direktor müavini, uzun illər təhsil sahəsinə xidmət etmiş hörmətli müəllimimiz Nəbiyev Qardaşxan İdris oğlu 60 illik ömür yolunu tamamlayır.

Qardaşxan müəllim 1964-cü ilin bu günündə, qədim və müqəddəs torpağımız olan Kəlbəcər rayonunun Keştək kəndində dünyaya göz açıb. Uşaq yaşlarından zəhmətkeşliyi, dürüstlüyü və ailəsinə bağlılığı ilə seçilən Qardaşxan müəllim, Kəlbəcər camaatının həmişə hörmət bəslədiyi, sözünə güvəndiyi nüfuzlu bir şəxsiyyət kimi yetişdi.

O, təkcə ailəmizin deyil, həm də kəndimizin və el-obamızın ağsaqqalı, istiqamətverici bir insanıdır. Böyük-kiçik yerini bilən, gənclərə daim doğru yol göstərən, elin-obanın qayğısını çəkən bir şəxsiyyət olaraq, həm müəllim, həm də həyat məktəbinin öyrədicisi kimi xalq arasında xüsusi hörmət və nüfuza sahibdir.

Qardaşxan müəllim ömrünü elmə, təhsilə həsr edərək, onlarla şagirdin bilik almasında, düzgün şəxsiyyət kimi formalaşmasında böyük rol oynayıb. O, müəllim kimi yalnız dərs keçməklə kifayətlənməyib, həm də tərbiyəçi, yolgöstərən, məsləhətçi kimi gənclərin inkişafına böyük töhfələr verib.

Keştək kəndinin çətin şəraitində böyüyüb, sonradan müəllim kimi Kəlbəcərin təhsil sistemində çalışan Qardaşxan müəllim, uzun illərdir Kəlbəcər rayon 102 nömrəli tam orta məktəbinin direktor müavini vəzifəsində çalışır. Onun bu illər ərzində göstərdiyi zəhmət, təşkilatçılığı, pedaqoji bacarığı məktəbdə böyük nizam-intizam və inkişaf yaradıb. O, həm müəllim, həm də rəhbər kimi öz məsuliyyətini daim layiqincə yerinə yetirib.

Mənim üçün Qardaşxan müəllim təkcə əmim və ailəmizin ağsaqqalı deyil, həm də orta məktəbdə mənim müəllimim olub. Onun tədris etdiyi biliklər, verdiyi məsləhətlər həyat yolumda mənə istiqamət verib, insan kimi yetişməyimdə, düzgün yol seçməyimdə böyük rol oynayıb.

Həyatda ən dəyərli insanlardan biri, doğmalarım arasında xüsusi yeri olan Qardaşxan müəllim hər zaman mənəvi dayağım olub. Mənim jurnalistika sahəsində uğur qazanmamda, el-obama xidmət etməyimdə onun məsləhətləri və tərbiyəsi böyük rol oynayıb.

Qardaşxan müəllim təkcə müəllim və ağsaqqal deyil, eyni zamanda vətənpərvər bir insandır. O, ailəsinə, el-obasına, millətinə bağlı bir şəxsiyyət kimi daim doğmalarına dəstək olub. Qəlbi həmişə Kəlbəcərlə döyünən, torpağımıza sədaqətlə bağlı olan bir ziyalı kimi, doğma kəndimiz Keştəyi və bütövlükdə Kəlbəcəri heç vaxt unutmamış, bu torpağa sədaqətini daim sübut etmişdir.

Bu gün Qardaşxan müəllimin ömür yoluna baxanda, geridə qalan 60 ilin boşuna yaşanmadığını görürük. Bu illər ərzində o, ailəsi üçün qayğıkeş ata, müəllimləri və şagirdləri üçün nümunəvi pedaqoq, qohumları və dostları üçün arxa-dayaq, bütövlükdə xalqı üçün dəyərli ziyalı olmağı bacardı.

Hörmətli əmim və müəllimim Qardaşxan İdris oğlu Nəbiyev!

Sizi bu gözəl yubileyiniz – 60 illik ömür yolunuz münasibətilə ürəkdən təbrik edirəm! Uca Allahdan sizə uzun, sağlam və xoşbəxt ömür, ailənizlə birlikdə firavan günlər arzulayıram. Sizin kimi insanların varlığı bizim üçün böyük nemətdir. Həyatınızın bundan sonrakı illəri də elinizin-obanızın hörmət və ehtiramı ilə keçsin. Sizin kimi insanlarla bir eldə, bir obada, bir ailədə olmaq qürurvericidir.

Sizə dərin hörmət və sevgilərlə,

Tural Kəlbəcərli
102info.az xəbər agentliyinin rəhbəri

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir