Xalqa həsr olunmuş ömür

Siyasət


Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsı və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Çünki onun Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı müsbət və əvəzolunmaz rol danılmazdır. 
Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib.
Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. 
Ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyidir. 1969-cu il iyulun 14-də ulu öndərimizin ölkəmizə rəhbər seçilməsi Azərbaycanın müstəqillik tarixinin və uğurlu inkişafının əsasını qoydu. İkinci dəfə qazandığımız dövlət müstəqilliyinin əsasında da ulu öndərin ötən əsrin 70-80-ci illərdə yaratdığı möhkəm təməl, güclü intellektual və iqtisadi potensial, milli ruh dayanırdı.
Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir. Vətənin ağır bəlalardan xilasını özünün tarixi missiyası kimi qəbul edən ümummilli liderimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyasına həsr edilib. Bu missiyanın öz başlanğıcını götürdüyü məkan isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Ulu öndər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycan xalqının azadlıq və müstəqilliyi üçün çalışmış, müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atmışdır. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, qədim Naxçıvan torpağı erməni təcavüzündən qorunmuşdur. Dahi rəhbərin o çətin dövrdə Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqil dövlətçiliyimizin bünövrəsini qoymuşdur.
Xalqın ulu öndər Heydər Əliyevə olan böyük inamı və təkidli tələbi ilə 1993-cü il iyunun 15-də dahi rəhbər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış Milli Qurtuluş Günü kimi tarixə düşdü. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ölkəmizdəki böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Müstəqil, demokratik, hüquqi və dünyəvi dövlətçilik yoluna qədəm qoyan Azərbaycanın qarşısında duran problemlər həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
Beləliklə, son olaraq daha bir nüansı da qeyd etmək istərdim ki, yuxarıda qeyd olunanlar Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın möhkəmlənməsi və inkişafı istiqamətində gördüyü işlərin çox cüzi bir hissəsinin mənzərəsi idi. Bu gün Ulu Öndərimiz bizim aramızda cismən olmasa da, Onun əbədi ideyaları hər birimizin qəlbində yaşamaqdadır. Eyni zamanda, bu ideyalar məhz Onun layiqli davamçısı, siyasi varisi, Prezident İlham Əliyev cənablları tərəfindən uğurla, qətiyyətlə, məqsədyönlü şəkildə reallaşdırmaqdadır. Azərbaycan xalqı da əbədiyaşar Liderinin ideya və arzularını Cənab İlham Əliyevin ətrafında daha sıx birləşməklə yaşadacaq, həyata keçirəcəkdir.

 

Ramilə Seyidova – Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir