Niyə işləri son ana saxlayırıq? Psixoloji baxış

Sosial

Bir çox insan vacib işləri son ana saxladıqda bunu tənbəlliklə əlaqələndirir. Lakin mütəxəssislər bildirirlər ki, təxirəsalma hər zaman məsuliyyətsizlik və ya istəksizlikdən qaynaqlanmır. Bəzən bunun arxasında uğursuzluq qorxusu, mükəmməlliyyətçilik və ya emosional gərginlik kimi psixoloji amillər dayanır.

Bəs işləri davamlı olaraq son ana saxlamaq həqiqətən tənbəlliyin göstəricisidir, yoxsa insanın daxilindəki qorxu və narahatlıqların əlamətidir? 

Bununla bağlı ailə və yeniyetmə psixoloqu Fəridə Şərifova Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, təxirəsalma çox vaxt tənbəllikdən deyil, uğursuzluq, tənqid və ya mükəmməl ola bilməmək qorxusu kimi emosiyalardan qaynaqlanır:

“Təxirəsalma davranışına çox vaxt sadəcə tənbəllik kimi baxılır. Amma psixoloji baxımdan məsələyə daha dərindən yanaşanda görürük ki, insanların əksəriyyəti işləri son ana saxladıqları üçün yox, əslində yaşadıqları hisslərlə üzləşməkdə çətinlik çəkdikləri üçün təxirə salırlar. Məsələn, bir insan vacib işi ertələyirsə, bunun arxasında uğursuz olmaq qorxusu, tənqid edilmək narahatlığı, mükəmməl nəticə əldə edə bilməmək hissi və ya hətta uğur qazanmağın gətirəcəyi məsuliyyətdən çəkinmək dayana bilər. İnsan bəzən işdən yox, həmin işin onda yaratdığı emosiyalardan qaçır”.

media-media-img-20260603-wa0122-0mvun1

Psixoloqun sözlərinə görə,təxirəsalma çox vaxt tənbəllik yox, qorxu və emosional çətinliklərdən qaynaqlanır:

“Mən terapiyada tez-tez görürəm ki, özünü ‘tənbəl’ adlandıran insanlar əslində çox həssas, özünə qarşı tələbkar və məsuliyyətli şəxslər olurlar. Onlar səhv etməkdən o qədər qorxurlar ki, başlamağı gecikdirirlər. Çünki başlamadıqda hələ uğursuz olmamısan.

Təxirəsalma bir çox hallarda zaman idarəetmə problemi deyil, emosiyaları idarəetmə problemidir. İnsan öz qorxusunu, narahatlığını və daxili təzyiqini tanıdıqca, işləri ertələmək ehtiyacı da azalır.

Ona görə də mən düşünürəm ki, təxirəsalma hər zaman tənbəllik deyil. Bəzən bu, görünməyən bir qorxunun, özünə inamsızlığın və ya daxili mübarizənin səssiz ifadəsidir. İnsanları mühakimə etməzdən əvvəl onların nəyi ertələdiyinə yox, nədən qaçdığına baxmaq lazımdır”.

Cəmilə Cəfərzadə

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir