Suraxanı Rayon Polis İdarəsi cinayətkarlıqla və ictimai qayda pozuntuları ilə mübarizəni gücləndirir

Azərbaycan Polisi

Suraxanı Rayon Polis İdarəsi cinayətkarlıqla və ictimai qayda pozuntuları ilə mübarizəni gücləndirir.

Son illərdə paytaxtın Suraxanı rayonu ərazisində ictimai təhlükəsizliyin qorunması, cinayətkarlığın qarşısının alınması, eləcə də yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər daha da intensivləşdirilib. Bu istiqamətdə Suraxanı Rayon Polis İdarəsi və onun tabeliyində olan polis bölmələrinin əməkdaşları əhalinin təhlükəsizliyi naminə gecə-gündüz fasiləsiz fəaliyyət göstərirlər.

İdarənin Cinayət Axtarış Şöbəsi, İctimai Təhlükəsizlik və Məlumat Mərkəzi əməkdaşlarının həyata keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində ötən dövr ərzində müxtəlif cinayətlər açılıb, bir sıra axtarışda olan şəxslər tutulub.

Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi, oğurluq, soyğunçuluq, vətəndaşların əmlakına zərər vuran cinayətlərin açılmasında Suraxanı RPİ-nin əməkdaşları yüksək peşəkarlıq nümayiş etdiriblər. Müxtəlif əməliyyatlar zamanı külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb, qeyri-qanuni odlu silah-sursat aşkarlanıb.

Polis əməkdaşlarının həyata keçirdiyi profilaktik tədbirlər nəticəsində yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması, ailə-məişət zorakılığının qarşısının alınması və ictimai yerlərdə baş verə biləcək xoşagəlməz halların önlənməsi istiqamətində də mühüm uğurlar əldə olunub.

Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da hərəkət təhlükəsizliyinin təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Müxtəlif vaxtlarda keçirilən reydlər zamanı qayda pozan sürücülər aşkarlanıb və qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.

Xüsusən son günlərdə keçirilən genişmiqyaslı reydlər zamanı sərxoş vəziyyətdə sükan arxasına əyləşən, sürücülük vəsiqəsi olmayan və ya avtomobillərinin texniki sənədləri qaydasında olmayan şəxslər aşkarlanaraq barələrində inzibati tədbirlər görülüb.

Reydlər zamanı bəzi sürücülərin nəqliyyat vasitələrinin texniki baxışdan keçmədiyi, bir qisminin isə təhlükəsizlik kəmərindən istifadə etmədiyi müəyyən olunub. DYP əməkdaşları tərəfindən həmin şəxslərə izahat verilib, təhlükəsizliyin təmin olunması və qaydalara əməl etməyin vacibliyi barədə maarifləndirici söhbətlər aparılıb.

Suraxanı DYP-nin məqsədi yalnız cərimə tətbiq etmək deyil, həm də sürücülərin və piyadaların təhlükəsizliyini təmin etməkdir. Bu baxımdan reydlər mütəmadi xarakter daşıyır və növbəti aylarda da davam etdiriləcək.

Rayon sakinləri də polis əməkdaşlarının bu fəaliyyətini yüksək qiymətləndirirlər. Onların sözlərinə görə, son dövrlərdə Suraxanı ərazisində ictimai asayişin qorunması, küçə və prospektlərdə nəqliyyat intizamının təmin edilməsi sahəsində ciddi irəliləyiş müşahidə olunur.

Polis-vətəndaş münasibətlərində qarşılıqlı etimad və əməkdaşlıq prinsiplərinə əsaslanan bu fəaliyyət, rayonun təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edir.

Suraxanı Rayon Polis İdarəsi və onun bütün struktur bölmələri qarşıya qoyulmuş əsas məqsədə vətəndaşların təhlükəsizliyinin, əmin-amanlığının və ictimai sabitliyin qorunmasına sadiqdir. Bu istiqamətdə aparılan sistemli, planlı və ardıcıl tədbirlər cinayətkarlığın azaldılmasına, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına və ümumilikdə hüquq-mühafizə sisteminin güclənməsinə mühüm töhfə verir.

Mətləb Kazımov

Redaktor müavini

“Qızıl Qələm” mükafatı laureatı Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir