Təhlükəsizlik Mədəniyyətinin Məktəblərdə Tədrisi: Cəmiyyətin Təhlükəsiz Gələcəyinə Bir Addım

AKTUAL

Bu gün baş vermiş hadisə bir daha sübut etdi ki, yol nəqliyyat hadisələrinin qurbanlarına çevrilən uşaqlara təhlükəsizlik mədəniyyəti düzgün aşılanmır. Belə ki, bu, nə tədris prosesində, nə də vaxtilə düzgün təlim-tərbiyə almamış, həddi-büluğa çatmış və həyat tərzini məsuliyyətsizlik üzərində quran bəzi valideynlərin öz yanlışlarını övladlarına ötürməsi ilə davam edir. Hamı böyük şəhərlərə illər ərzində müxtəlif səbəblərdən axın edib və hesab edir ki, mühitə sonradan da uyğunlaşa bilər. Lakin ani bir diqqətsizlik, arxayınlıq və illər ərzində düzəldilməyən səhvlər hadisələri hər ötən gün qaçılmaz edir.

Təhlükəsizlik mədəniyyətinin məktəblərdə dərs proqramlarına daxil edilməsi təhsil sistemində mühüm bir addım ola bilər. Bu barədə Araz Əsgərli 102info.az saytına təhlükəsizliyin daimi təmini ilə bağlı münasibətini bildirərkən vurğulayıb. Təhlükəsizlik mədəniyyəti yalnız yol hərəkət qaydalarını əhatə etməməli, həm də müxtəlif fövqəladə hallarda düzgün davranış, zərərli vərdişlərdən uzaq durmaq və dövlət əleyhinə müxtəlif cərəyanlardan çəkinmək, hərbi və tibbi biliklər kimi geniş mövzuları da özündə ehtiva etməlidir.

Araz Əsgərli təhlükəsizlik qaydalarının tədrisə inteqrasiya edilməsinin, şagirdlərin təhlükəsiz həyat vərdişlərini formalaşdırmaq üçün vacib olduğunu bildirib. Bu tədris birinci sinifdən başlayaraq on birinci sinfə qədər davam etməli, uşaqlara yaşına uyğun faydalı informasiyalar bütün təhsil müddəti ərzində sistematik şəkildə öyrədilməlidir. Belə bir yanaşma yalnız məktəblərdə deyil, bütövlükdə cəmiyyətdə təhlükəsizliyin və məsuliyyətli davranışın təməlini qoya bilər. Sistemli yanaşma olduğu təqdirdə aidiyyəti dövlət orqanları da öz dəstəyini praktik formada təqdim edə bilərlər.

Təhlükəsizlik mədəniyyətinin tərkib hissəsi kimi tədrisinin əsas aspektlərindən biri də aşağı siniflərdən yol hərəkət qaydalarıdır. Şagirdlərə piyada təhlükəsizliyi, sürücü davranışı və yolda diqqətli olmaq kimi qaydaları öyrətmək, onların həm şəxsi təhlükəsizlikləri, həm də digər insanların təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır. Yol hərəkəti qaydalarının uşaqlara erkən yaşdan öyrədilməsi, gələcəkdə daha məsuliyyətli və ehtiyatlı sürücülərin formalaşmasına da töhfə verər.

Məktəblərdə təhlükəsizlik dərslərində, həmçinin fövqəladə hallarda davranış qaydalarının öyrədilməsi də çox önəmlidir. Fövqəladə halların növləri, məsələn, yanğınlar, zəlzələlər, təbii fəlakətlər, hətta texniki qəzalar zamanı uşaqların necə hərəkət etməli olduğunu bilmələri, onların həyatda qalma bacarıqlarını artırır və psixoloji cəhətdən gücləndirir.

Daha bir vacib məsələ isə zərərli vərdişlərdən uzaq qalmaq mövzusudur. Narkotik maddələrin istifadəsi, alkoqolizm və siqaret kimi zərərli vərdişlərə qarşı maarifləndirmə aparılmalı və şagirdlərə bu kimi təhdidlərə necə “yox” deməyi öyrədilməlidir. Yeni dövrün bəlasına çevrilən kiber cinayətkarlığın qurbanına çevrilməmək üçün isə informasiya təhlükəsizliyinin də öyrənilməsi olduqca vacibdir. Zərərli vərdişlərdən qorunmaq yalnız şəxsi sağlamlıq baxımından deyil, həm də sosial rifah və ümumi təhlükəsizlik üçün əhəmiyyətlidir.

Araz Əsgərli həmçinin dövlət və dövlətçilik əleyhinə olan cərəyanlara, müxtəlif dini radikal qüvvələrə, kriminal ünsürlərə qoşulmamaq mövzusunu da təhlükəsizlik mədəniyyətinə daxil etməyi təklif edir. Şagirdlərdə sağlam milli və dövlətçilik anlayışlarının formalaşdırılması, gənc yaşlarından dövlətin və cəmiyyətin maraqlarının qorunması barədə məlumatlı olmaları vacibdir. Bu, gələcəkdə vətəndaşların öz ölkələrinə daha bağlı və məsuliyyətli yanaşmasını təmin edər.

Bu tədris sahəsi, uşaqların hüquqlarını tanıması və onların sosial mühitdə etibarlı şəkildə fəaliyyət göstərə bilməsi üçün vacib bilik və bacarıqlarla zənginləşdirilməlidir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir