“Silahı təhvil ver” kampaniyasına qoşulan hər kəsə təşəkkür edirik

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər 2024-cü ildə də fasiləsiz olaraq davam etdirilir.

​Qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş onları könüllü təhvil veriblər.

Belə ki, polis əməkdaşları yeni ilin ilk həftəsində vətəndaşlardan ümumilikdə müxtəlif markalı 10 ədəd avtomat silahı, 1 tapança, 3 ədəd qumbara, 2 alışdırıcı, 11 ədəd patron darağı, 59 ədəd müxtəlif markalı tüfəng və 551 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Eyni zamanda qanunsuz saxlanılan odlu silahların aşkar olunaraq götürülməsi istiqamətində də polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Yeni ilin ilk həftəsində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumilikdə 6 ədəd avtomat silahı, 4 tapança, 8 patron darağı, 41 ədəd müxtəlif markalı tüfəng və 166 ədəd müxtəlif çaplı patron da aşkar olunaraq götürülüb.

Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Bu vətəndaşlıq nümunəsinin də kütləvi təşviqini nəzərə alaraq, cəmiyyətin hər üzvünün dəstəyi önəmlidir.

Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər.

Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir