YOLLARDA TƏHLÜKƏSİZLİYİN ETİBARLI TƏMİNATÇISI  DÖVLƏT YOL POLİSİ –  MÜƏLLİF TURAN HACIYEV

Azərbaycan Polisi Yol patrul xidməti

Asayişin qorunması, sürücülərin maarifləndirilməsi və narkotik təsiri altında sükan arxasına əyləşənlərə qarşı qətiyyətli mübarizə.

Azərbaycan Respublikasında ictimai asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizdə sabitliyin, təhlükəsizliyin və qanunun aliliyinin daha da möhkəmlənməsinə xidmət edir. Daxili işlər naziri, polis general-polkovniki Vilayət Eyvazovun rəhbərliyi ilə daxili işlər orqanlarında həyata keçirilən müasir idarəetmə sistemi, peşəkarlığın artırılması və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər Dövlət Yol Polisi xidmətinin fəaliyyətində də öz müsbət nəticələrini göstərir.
Yol polisi əməkdaşlarının fəaliyyəti təkcə yol hərəkəti qaydalarına nəzarətlə məhdudlaşmır. Onlar hər gün minlərlə insanın həyatının və sağlamlığının qorunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, sürücülərin və piyadaların maarifləndirilməsi istiqamətində böyük məsuliyyət daşıyırlar. Gecə-gündüz, istənilən hava şəraitində xidmət aparan yol polisi əməkdaşlarının əsas məqsədi təhlükəsiz yol hərəkətini təmin etməkdir.
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun rəhbərliyi ilə son illərdə yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Müasir texnologiyaların tətbiqi, elektron nəzarət sistemlərinin genişləndirilməsi, profilaktik tədbirlərin artırılması və maarifləndirmə kampaniyalarının təşkili nəticəsində yol hərəkəti iştirakçılarının məsuliyyət hissi daha da yüksəlmişdir.
Xüsusilə gənc sürücülərlə keçirilən maarifləndirici görüşlər, məktəblərdə və ali təhsil müəssisələrində təşkil olunan tədbirlər, televiziya və sosial media vasitəsilə yayımlanan sosial çarxlar yol hərəkəti mədəniyyətinin formalaşmasına mühüm töhfə verir. Bu işlərin əsas məqsədi cərimə tətbiq etmək deyil, insan həyatını qorumaq və sürücülərdə məsuliyyət hissini artırmaqdır.
Paytaxt Bakıda da yol hərəkətinin intensivliyi xüsusi diqqət tələb edir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyevin rəhbərliyi altında keçirilən profilaktik tədbirlər, reydlər və maarifləndirici layihələr şəhərdə yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Yol polisi əməkdaşlarının operativ fəaliyyəti nəticəsində nəqliyyatın hərəkətinin tənzimlənməsi, sıxlığın azaldılması və qayda pozuntularının qarşısının alınması istiqamətində davamlı işlər görülür.
Son illərdə narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücülərə qarşı mübarizə daha da gücləndirilmişdir. Bu istiqamətdə keçirilən reydlər nəticəsində qanunvericiliyin tələblərini kobud şəkildə pozan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunur. Narkotik və ya digər psixotrop maddələrin təsiri altında avtomobil idarə etmək təkcə sürücünün deyil, yolda olan hər bir insanın həyatını ciddi təhlükə altına qoyur. Belə hallara qarşı prinsipial mövqe nümayiş etdirilməsi insan həyatının qorunmasına xidmət edir.
Yol polisi əməkdaşları reydlərlə yanaşı, profilaktik söhbətlər aparır, sürücülərə qanunun tələblərini izah edir, təhlükəsiz sürücülük vərdişlərini təbliğ edir. Çünki maarifləndirmə hər zaman cəzadan daha səmərəli nəticə verir. Yol hərəkəti qaydalarına riayət edən sürücü həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükədən qoruyur.
Bununla yanaşı, sərxoş vəziyyətdə avtomobil idarə edən, yüksək sürət həddini aşan, təhlükəli ötmə əməliyyatları həyata keçirən və sükan arxasında mobil telefondan istifadə edən sürücülərə qarşı da qanunvericiliyə uyğun ciddi tədbirlər görülür. Məqsəd cəmiyyətə cəza vermək deyil, insan həyatını qorumaq və faciələrin qarşısını almaqdır.
Yol polisi əməkdaşlarının fədakar xidməti çox vaxt diqqətdən kənarda qalır. Halbuki onlar bayramda da, istirahət günündə də, gecənin qaranlığında da xidmət başındadırlar. Yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazilərdə ilk yardım göstərilməsi, hərəkətin bərpası və vətəndaşlara dəstək göstərilməsi onların gündəlik fəaliyyətinin ayrılmaz hissəsidir.
Bu gün Azərbaycan Dövlət Yol Polisi cəmiyyətlə əməkdaşlıq prinsiplərinə əsaslanan, şəffaflığı və operativliyi ilə seçilən müasir hüquq-mühafizə xidmətlərindən biridir. Vətəndaşların qanunlara hörmətlə yanaşması, yol hərəkəti qaydalarına ciddi əməl etməsi və polis-vətəndaş həmrəyliyi yol təhlükəsizliyinin əsas təminatıdır.
Hər bir sürücü unutmamalıdır ki, sükan arxasında qəbul edilən bir yanlış qərar insan taleyini dəyişə bilər. Buna görə də məsuliyyətli davranış, qarşılıqlı hörmət və qanunlara riayət etmək hər kəsin vətəndaşlıq borcudur.
Azərbaycan Dövlət Yol Polisi bundan sonra da Daxili İşlər Nazirliyinin rəhbərliyi altında yol hərəkəti təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması, sürücülərin maarifləndirilməsi və qanun pozuntularına qarşı qətiyyətli mübarizəsini davam etdirəcək. Bu fəaliyyətin əsas məqsədi isə dəyişməz olaraq qalır – insan həyatını qorumaq, təhlükəsiz yollar və təhlükəsiz gələcək naminə xidmət etmək.

Turan Hacıyev

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir