
Sosial şəbəkələrdə və ufoloji dairələrdə Marsda qədim insan sivilizasiyasına aid izlərin tapılması ilə bağlı iddialar yenidən gündəmə gəlib.
Patrul.az-ın məlumatına görə, tanınmış Mars tədqiqatçısı və ufoloq Scott Waring Qırmızı Planetin fotolarını araşdırarkən növbəti səs-küylü tapıntıya imza atdığını iddia edib.
Tədqiqatçının diqqətini çəkən kadrda qayanın içində ideal düzbucaqlı formada olan bir dəlik təsvir edilib. Scott Waringin sözlərinə görə, bu obyekt qədim insanların tikdiklərinə bənzər gil materialdan inşa edilmiş xüsusi bir quruluşdur. O, bu kəşfin tarixi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirib:
“Çox uzun zaman əvvəl onlar Yer üzündə idilər və Marsda da çox uzun zaman əvvəl idilər”.
Ufoloq bu strukturun geoloji proseslər nəticəsində deyil, məhz ağıllı varlıqlar tərəfindən yaradıldığına 100 faiz əmin olduğunu diqqətə çatdırıb.
Lakin NASA geoloqları və müstəqil beynəlxalq alimlər aparılan araşdırmalardan sonra bu strukturun süni bir tikili olmadığını sübut ediblər. Şəkil 7 may 2022-ci ildə NASA-nın “Curiosity” roveri tərəfindən Gale kraterindəki Şarp dağında (Mount Sharp) qeydə alınıb. Fotoda nəhəng bir qapı və ya tunel girişi kimi görünən bu boşluq real həyatda cəmi 30 sm hündürlüyündə və 40 sm enindədir (təxminən kiçik ev heyvanları üçün qapı ölçüsündə). Yaxınlaşdırılmış kadr və kölgələrin düşmə bucağı onu vizual olaraq nəhəng bir tikili kimi göstərir.
Mütəxəssislər bildirirlər ki, bu yarıq Marsdakı qumdaşı qayalarında baş verən təbii çatlama (kristal qırılması) nəticəsində yaranıb. Qaya parçasının təbii şəkildə qopub düşməsi nəticəsində düzbucaqlı boşluq formalaşıb. Alimlərin sözlərinə görə, bu cür düzxətli təbii çatlara və qırılmalara Yerdə də tez-tez rast gəlinir.
Beləliklə, tədqiqatçının iddiaları geniş maraq doğursa da, rəsmi elm dünyası bunu unikal geoloji proseslərin və insan beyninin formaları bənzətmə xüsusiyyətinin (pareidoliya) nəticəsi kimi qiymətləndirir.
Gülbəniz Səfərova
102info.az
