“Azərbaycan mətbuatı öz qayəsindən heç vaxt dönməyib” – Hikmət Babaoğlu

Baş səhifə

“Yaradılmasının 151-ci ilini qeyd etdiyimiz Azərbaycan mətbuatı şanlı və şərəfli bir yol keçərək bu gün də öz prinsiplərinə və məqsədlərinə sadiq qalmaqdadır. Həsən bəy Zərdabi ilə başlayan bu yol bir əsr yarımlıq tarixində müxtəlif mərhələlərdən keçib, müxtəlif dövrlərdə ən müxtəlif formalarda təqiblərə və təzyiqlərə məruz qalıb. Ancaq öz qayəsindən heç vaxt dönməyib”.

Bu fikirləri 22 iyul – Milli Mətbuat Günü münasibətilə Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı, Əməkdar jurnalist Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycan milli mətbuatının tarixində birinci qızıl dövr hesab oluna biləcək mərhələ 1918-1920-ci illərə təsadüf edir:

“Azərbaycanın böyük simaları, Ömər Faiq Nemanzadədən tutmuş Üzeyir Hacıbəyliyə qədər, baxmayaraq ki, özləri peşəkar jurnalist deyildilər, Azərbaycan mətbuatının inkişafına böyük töhfələr veriblər. Bunun ardınca Mirzə Cəlillər, Sabirlər, Əli bəy Hüseynzadələr… Bunların hamısı öz qələmlərini Azərbaycan mətbuatında sınamış və ictimai fikir tariximizə böyük xidmətlər göstərmiş şəxsiyyətlərdir”.

Deputat qeyd edib ki, sovet dövrü mətbuatımız ayrıca bir mərhələ, ideoloji dövr olsa da, həmin dövrdə də Azərbaycan mətbuatının özünəməxsus ənənələri formalaşıb:

“1978-ci ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilini həmin dövrün Konstitusiyasına daxil etdirməsindən sonra mətbuat tariximizdə yeni bir mərhələ başladı. Mühüm hadisələrdən biri də 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin senzuranı ləğv etməsi oldu. Bu addım mətbuat azadlığının inkişafı üçün yeni şərait yaratdı və Azərbaycan mətbuatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycan mətbuatı dövlətin və cəmiyyətin qayğısı ilə əhatə olunub. Jurnalist peşəsi Azərbaycanda ən nüfuzlu peşələrdən biridir. Azərbaycan mətbuatının funksiyalarını və vəzifələrini qiymətləndirən Prezident İlham Əliyev bildirib ki: “Bəzən deyirlər ki, mətbuat dördüncü hakimiyyətdir. Ancaq bugünkü imkanları nəzərə alsaq, mətbuat bəlkə də ikinci hakimiyyətdir””.

H. Babaoğlu bildirib ki, internet resurslarının və müxtəlif rəqəmsal platformaların inkişafı, mətbuatın virtual məkana keçidi bu sahənin tamamilə yeni tarixi mərhələyə qədəm qoyduğunu göstərir:

“Onun funksiyası, nüfuzu, əhəmiyyəti və kontent yaratmaq imkanları daha da genişlənir. Beləliklə, bu gün biz klassik mətbuatın daha fərqli və çoxşaxəli informasiya vasitəsinə çevrildiyini görürük. Buna görə də artıq informasiya təhlükəsizliyindən, informasiya vətəni adlandırdığımız virtual məkandan danışırıq. Bütün bunlar mətbuatın keçdiyi inkişaf yolunun nəticəsidir. Lakin dəyişən tarixi mərhələlərdə dəyişməyən bir həqiqət var: Azərbaycan jurnalistləri, həqiqi mənada peşəkar jurnalistlər öz peşələrini seviblər, prinsiplərinə sadiq qalıblar və hər zaman öz vətənlərinin maraqlarını müdafiə etməyi bacarıblar”.

Millət vəkili sonda bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edib.

Sevinc Yarməmmədova

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir