Əmək bazarında ali təhsildən daha çox praktiki bacarıqlar, təcrübə və çevik uyğunlaşma qabiliyyəti tələb olunur. Bir çox işəgötürən namizədləri artıq yalnız diplomuna görə deyil, real bilik və bacarıqlarına əsasən qiymətləndirir. Bəs bu tendensiya ali təhsilin nüfuzunun azalması deməkdir, yoxsa əmək bazarında yeni tələblərin formalaşdığını göstərir?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən təhsil üzrə ekspert Vüsət Əzizov qeyd edib ki, bu tendensiyanı ali təhsilin nüfuzunun azalması kimi qiymətləndirmək tam doğru olmaz:
“Daha çox demək olar ki, əmək bazarında tələblər dəyişir və işəgötürənlər nəzəri biliklə yanaşı, praktiki bacarıqlara da üstünlük verməyə başlayırlar.
Əvvəllər ali təhsil işə qəbul zamanı əsas meyarlardan biri hesab olunurdu. Bu gün isə texnologiyanın sürətli inkişafı, yeni peşələrin yaranması və iş mühitinin dəyişməsi nəticəsində işəgötürənlər namizədin konkret problemləri həll etmək bacarığını, komanda ilə işləməsini, rəqəmsal savadlılığını və dəyişən şəraitə uyğunlaşma qabiliyyətini daha çox qiymətləndirirlər. Bu səbəbdən təcrübə,sertifikatlar və real layihələr bəzən diplom qədər, hətta bəzi sahələrdə ondan daha vacib rol oynayır”.

Ali təhsilin hələ öz əhəmiyyətini tam itirmədiyini vurğulayan V.Əzizov əlavə edib:
“Tibb, hüquq, mühəndislik, müəllimlik kimi sahələrdə ali təhsil həm peşəkar biliklərin, həm də hüquqi səlahiyyətlərin əldə edilməsi üçün vacib şərtdir. Digər sahələrdə isə universitet təhsili analitik düşüncə, fundamental bilik və tədqiqat bacarıqları qazandırır ki, bunlar uzunmüddətli karyera inkişafı üçün mühüm üstünlükdür.
Müasir əmək bazarında ən uğurlu namizədlər ali təhsili praktiki təcrübə ilə birləşdirənlərdir. Təcrübə proqramlarında iştirak etmək, könüllü fəaliyyət göstərmək, əlavə kurslar keçmək, xarici dil və rəqəmsal bacarıqları inkişaf etdirmək rəqabət üstünlüyü yaradır”.
“Nəticə etibarilə, müşahidə olunan dəyişiklik ali təhsilin dəyərinin azalmasından çox, əmək bazarında yeni tələblərin formalaşdığını göstərir. Müasir işəgötürənlər diplomu deyil, diplomun arxasında duran bilik, bacarıq və həmin bilikləri praktikada tətbiq etmək qabiliyyətini daha çox qiymətləndirirlər. Bu səbəbdən ali təhsil ilə praktiki bacarıqların bir-birini tamamlaması müasir əmək bazarında uğurun əsas şərtlərindən biri hesab olunur”,- deyə o fikirlərini sonlandırıb.
Ləman Sərraf
102info.az
