“Sirab” Azərbaycanın müalicəvi əhəmiyyətə malik keyfiyyətli mineral sularından biridir. “Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanılıb. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanıb və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilib. Aşkar olunan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilib.
Karbon qazli “Sirab” mineral suyu güclü şirəqovma təsirinə malikdir. Hazırda çox az adam tapılar ki, mədəsində qastrit olmasın. Bunun qarşısını almaq, onu sağaltmaq üçün “Sirab”dan mütamadi olaraq istifadə etmək lazımdır. Bundan əlavə maddələr mübadiləsinin pozğunluğu, qara ciyər, öd, mədə-bağırsaq xəstəlikləri, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən, allergik rinit xəstəliyinə tutulmuş insanlara “Sirab” içmələri məsləhət görülür. “Sirab” mineral suyu min-bir dərdin dərmanıdır və dünyada analoqu olmayan sudur.
Möcüzəvi suyun istehsalçısı Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ona yeni həyat verib, dağılmış zavodu bərpa edərək bu brendin əvvəlki şöhrətini özünə qaytarıb. Bu gün “Sirab”ın şöhrəti bütün dünyaya yayılıb, mineral sudan istifadə edənlər onun keyfiyyətindən ağız dolusu danışırlar.
Bu yaxınlarda Türkiyəyə səfərimiz zamanı qardaş ölkənin görüşdüyümüz dövlət rəsmilərinin, millət vəkillərinin iş otaqlarında, getdiyimiz restoranlarda “Sirab” suyunu görəndə haqlı qürur hissi keçirmişdik.
Türkiyənin İğdır vilayətinin valisi Ercan Turan TNS-ə müsahibısində “Sirab”dan ayrıca danışmışdı: “Azərbaycanda – Naxçıvanda istehsal olunan hər şey buraya gəlir. Məsələn, içdiyimiz “Sirab” çox keyfiyyətli sudur. Türkiyədə belə sular yoxdur. Bu suyun hər yerdə, Türkiyədə, Avropada olmasını istəyərdik. Sadəcə su belə bir dəyərdir”.
Səhmdar Cəmiyyət bu uğurları asanlıqla əldə etməyib. Uzun bir yol keçilib, “Sirab” daxili və xarici bazarda möhkəmlənə bilib, keyfiyyətli məhsulları ilə özünü təsdiqləyib.
Müəssisənin uğurları barədə oxucularımızı məlumatlandırmaq üçün Naxçıvana üz tutduq, Sirab kəndinin yaxınlığındakı zavodla tanış olduq.

Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Namiq Novruzov TNS-ə müsahibəsində müəssisənin fəaliyyəti, uğurları barədə geniş məlumat verdi, illərdir, insanların beynində ilişib qalan sualları cavablandırdı, bəzi qaranlıq məqamlara aydınlıq gətirdi.

Sahibkar müsahibədən əvvəl bizi zavodla tanış etdi. Mən bu zavodun keçmişini yaxşı xatırlayıram. Hələ Naxçıvan televiziyasında çalışdığım dövrdə dəfələrlə burdan reportajlar hazılamışdım. Bu reportajların da çoxu tənqidi idi. Çünki burda keyfiyyətli istehsaldan söhbət gedə bilməzdi. Hər yeri uçulub dağılan zavodda sovet dövründən qalma köhnə avadanlıqlarla məhsul istehsal olunurdu. Həmin məhsullar da ancaq Naxçıvanda satışa çıxarılırdı.

Bu gün isə dünyanın müxtəlif ölkələrinə ixrac olunan qazlı və qazsız mineral sular zavodda quraşdırılan ən müasir avadanlıqlarda istehsal edilir.

Sahibkar məlumat verərək bildirdi ki, su 114 millimetrlik paslanmayan boru ilə mənbədən zavoda gətirilir. İlkin mərhələdə suda olan iri hissəcikləri ayırmaq üçün mexaniki filtrdən keçirilərək 50 tonluq çənlərə doldurulur. Sonra 25 mikron qum filtrindən süzülərək emallı ehtiyat su çənlərinə ötürülür. Bu proses istehsala verilən mineral suyun davamlılığını təmin etmək və onun bir neçə saat ərzində olsa da, dincə qoyulması üçündür. İstehsal prosesi ehtiyat su anbarından mineral suyun soyuducu qurğulara ötürülməsi ilə başlayır. Burada su 4-8 dərəcədə soyudulur, sonra istehsal sexlərinə verilir. Bu sexlərdə mineral su qablaşdırılmadan öncə bir neçə vacib mərhələdən keçir. Belə ki, ilkin olaraq 1 mikron filtrlərdən süzülür. Doldurulmadan öncə mineral su karbon dioksidlə qazlaşdırılır. Məhz mineral su karbon dioksid qazını rahat və lazımi miqdarda qəbul etsin deyə 4-6 dərəcəyədək soyudulur. Bu prosesdə məqsəd qablaşdırılan məhsulun saxlama müddətinin artırılması və mineral duzların çökmə ehtimalının qarşısının alınmasıdır. Bütün bu proseslərdən sonra mineral su lazımi çeşidlərdə qablaşdırılaraq paketlənib satış bazarlarına çıxarılır.

Hazırda “Sirab” mineal sular zavodunda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir. Bu xətlərdə qazlaşdırılmış və qazlaşdırılmamış “Sirab” təbii mineral müalicəvi süfrə suyunun müxtəlif həcmli pet və şüşə butulkalara doldurulması həyata keçirilir. Zavodda 21 çeşiddə (0,5 lt, 1,0 lt, 1,5 lt həcmli Pet qazlı, 0,33 lt, 0,5 lt, 1,0 lt, 1,5 lt, 5,0 lt, 10 lt və 19 lt həcmli pet qazsız, 0.2 lt , 0,33 lt , 0,5 lt həcmli şüşə qazlı butulka, 0,33 lt ilə 0.5 lt həcimli şüşə qazsız butulka və 0,33 lt, 0,75 lt şüşə qazli və qazsiz Premium sular) məhsul istehsal olunur.

Sonra sahibkar Namiq Novruzovla söhbətimizi ofisdə davam etdirdik. Sahibkar əvvəlcə səhmdar cəmiyyətin yaranmasından danışdı.
– Sirab Mineral Sular Zavodu 2003-cü ildə “Sirab” Açıq Səhmdar Cəmiyyətinə çevrildi. Doğrudur, bu mineral su hələ sovet dövründən tanınmış bir marka idi. Ancaq Sovetlər Birliyi dağılandan sonra Sirab Mineral Sular Zavodu da digər müəssisələr kimi fəaliyyətini dayandırmışdı. Biz Naxçıvanın bu brendini təkrar bazara çıxartmağı, bütün dünyada tanıtmağı qarşımıza məqsəd qoyduq. İlk gündən başlayaraq, araşdırmalar apardıq, yeni avadanlıqlar sifariş verdik. Əvvəlcə saatda 3 min dolum olan xətt aldıq. Həmin xətti quraşdıraraq zavodun fəaliyyətini bərpa etdik.
– Yəqin ki, söhbət qazlı mineral su istehsalından gedir. Bildiyim qədəri ilə ilk vaxtlar qazsız su istehsalı olmayıb.

– Bəli, ilk vaxtlar zavodda sadəcə qazlı su istehsal edilirdi. Biz müəssisədə təmir işlərini 2005-ci ildə yekunlaşdırdıq və istehsala başladıq. Sonrakı illərdə istehsal sahələrini genişləndirdik. O vaxt şüşə butulkalar, plastik kapsullar, etiketlər, bir sözlə qazlı və qazsız su istehsalı üçün xammal Azərbaycanda istehsal edilmirdi. Biz xammalı Türkiyədən, Gürcüstandan və digər xarici ölkələrdən alıb gətirirdik. Gürcüstandakı şirkətlərlə əməkdaşlıq etməyə başlayanda onlar bizim bu işi bacaracağımıza inanmırdılar. Uzun illərdən sonra etiraf etdilər ki, onlar bizim şirkətimizin Gürcüstandan cəmi bir neçə dəfə şüşə butulka alacağını düşünürmüşlər. Çünki bilirdilər ki, bu, çox ağır bir işdir. Təsəvvürünüzə gətirin, şüşə butulkaları Gürcüstandan, Türkiyədən alıb gətirisən blokada şəraitində yaşayan Naxçıvana, burada mineral su istehsal edib hazır məhsulu satış üçün müxtəlif ölkələrə ixrac edirsən. Bu, kifayət qədər bahalı və çətin prosesdir. Ona görə də Gürcüstandakı tərəfdaşlarımız hesab edirmişlər ki, biz onlardan cəmi bir neçə dəfə xammal alacağıq. Amma biz artıq 20 ilə yaxındır ki, həmin şirkətlərlə işləyirik. Və ildən ilə sifarişlərin həcmi artır. Zamanla gördük ki, bazarda qazsız suya da tələbat var. Bilirsiniz ki, hələ sovet dövründə qazsız su istehsalı yox idi. “Sirab”, “Badamlı” və digər minerl su istehsalı zavodlarında ancaq qazlı su istehsal olunurdu. Mineral su qazlı vəziyyətdə olmalıdır. Çünki mineral suların çökməsinin qarşısını karbon qazı alır. Karbon qazı suya xüsusi dad verir, suda bakteriyaların inkişafını dayandırır və mineral duzların çökməsinin qarşısını alır.

– Bəs necə oldu ki, qazsız su istehsalına başlamaq qərarına gəldiniz?
– Biz müəyyən təhlillər apardıqdan sonra gördük ki, bazarda qazsız suya ciddi tələbat var. Türkiyədən gətirilən qazsız sular bizim bazarda qazlı mineral sulardan daha çox satılırdı. Ona görə də biz qazsız su istehsalına başlamağı qarşımıza məqsəd qoyduq. 2010-cu ildə Sahibkarlığın İnkişafı Fondundan kredit aldıq, yeni istehsal sahələri yaratdıq. Biz o dövrdə təsəvvür etmirdik ki, qazsız suyun satışı qazlı mineral suyun satışından daha çox olacaq.
– Bu gün qazlı və qazsız su satışında ciddi fərq varmı?
– Əlbəttə, bu gün satılan 3 butulka suyun ikisi qazsızdır. Ona görə də bu layihələr uğurlu oldu. Bizim uğurlarımızın səbəbi təkcə istehsal sahələrini genişləndirməyimiz deyil. Bunlarla yanaşı, məhsul ixrac etdiyimiz ölkələrin bazarlarını da araşdırıb tələbata uyğun çeşidlər yaratdıq. Məsələn, Türkiyə bazarında 500 milliqram mineral su yoxdur. Onların istəyi 200 milliqramdır. Biz o çeşidi də yaratdıq.
– Deməli, istehsal etdiyiniz məhsulun xarici bazarlarda satışını genişləndirmək üçün lazımi addımlar atmısınız. İlk olaraq, hansı ölkəyə məhsul ixrac etdiniz? Yəni, “Sirab” xarici bazarlara çıxışa haradan başlayıb?
– İlk dəfə Rusiyaya məhsul ixrac etməklə xarici bazarlara çıxıdıq. Bu gün ən çox satış olan ölkə Rusiyadır.

– “Sirab” suyu hazırda neçə ölkəyə ixrac olunur?
– Bu, ildən ilə dəyişir. Ötən dövr ərzində biz Türkiyə, İran, İraq, Ukrayna, Latviya, Litva və Estoniyaya məhsul ixrac etmişik. Bir də az miqdarda Kanadaya minerl su göndərilib.
– Bu sadaladığınız ölkələr məsafə baxımından Azərbaycana yaxın ölkələrdir. Eyni zamanda həmin ölkələrlə ticarət əlaqələrimiz genişdir. Açığı Azərbaycandan xeyli uzaqda yerləşən Kanada mənə maraqlı gəldi. Yəqin ki, bu, oxucularımız üçün maraqlı olacaq.
– Kanadada azəbaycanlı iş adamları var. Həmin ölkəyə məhsul ixrac etmək onların təşəbbüsü ilə olub. Biz onlara izah etdik ki, yol xərcləri suyun qiymətindən daha çox olacaq. Amma onlar bu işə yalnız biznes kimi baxmırlar. “Sirab”ın Kanadada satışının təşkili ilə Azərbaycanın, Naxçıvanın daha çox tanınmasına nail olmağa çalışırlar. İndi bizə deyirlər ki, suyun keyfiyyəti Kanadada çox bəyənilib və yaxşı da satışı var.
– Beynəlxalq bazarda möhkəmləmək üçün məhsulun keyfiyyətinə xüsusi diqqət yetirilməli, daha cəlbedici çeşidlərdə və yüksək dizaynla məhsul istehsal olunmalıdır. Bu istiqmətdə daha hansı işlər görülüb?
– Zaman keçdikcə gördük ki, bazarda daha elit məhsullara tələbat var. Ona görə də biz premium çeşidini yaratdıq. Həmin çeşiddə istehsal olunan məhsulun həm şüşə butulkası bahadır, həm də onun üzərindəki etiket deyil, basqıdır. Bu məhsulun qiyməti bahadır, amma bazarda ona tələbat var.
– Namiq müəllim, “Sirab” suyunun keyfiyyəti məlumdur. Bu mineral su müalicəvi əhəmiyyətə malikdir, siz də onu keyfiyyətli formada istehsal edirsiniz. “Sirab” istehsalda daha nə ilə fərqlənir?
– Biz ilk vaxtlardan təkrar dolum edəcəyimiz məhsul istehsalına getmədik. Yəni şüşə butulkanı alıb, yuyub təmizləyərək təkrar istehsala buraxmadıq. Eynilə, 19 litirlik sularımız da yeni taralarda satışa çıxarılır. Bu gün Azərbaycan bazarında satılan 19 litirlik taralardakı qazsız suların əksəriyyəti təkrar dolumdur. Gigiyenik baxımdan məqsədəuyğun olmadığı üçün biz bu yolla məhsul istehsal etmirik.
Bu gün Azərbaycan bazarında ən öndə gedən su brendi “Sirab”dır. Bu da 20 il ərzində çəkdiyimiz əziyyətin nəticəsidir. Amma bunun əsas səbəbi suyun özünün özəlliyi və keyfiyyətidir. “Sirab” təbiətin möcüzəsidir. “Sirab” həm süfrə suyu kimi, həm də müalicəvi əhəmiyyətinə görə seçilir.

– Bir məsələ də maraqlıdır. Müxtəlif çeşidlərdə istehsal olunan qazsız su “Sirab” bulaqlarından götürülən sudur? Yəni, həmin suların tərkibində minerallar qalır?
– Əlbəttə. Amma qazsız suyun minerallarını azaldırıq. Bir dəfə Almaniyada məndən soruşdular ki, siz bu suyu minerallaşdırırsınız? Dedim ki, xeyir, hətta minerallarını bir az da azaldırıq. Mənə dedilər ki, o zaman butulkanın üstündə niyə “təbii mineral süfrə suyu” sözünü yazmırsınız? Dedilər ki, su istehsalçıları suyu minerallaşdırırlar, məhsulun da üzərinə yazırlar ki, minerallaşdırılmış su. Ondan sonra məhsulların üzərinə “təbii mineral süfrə suyu” sözünün yazılmasını təmin etdik.
– Bu gün bazarda ən bahalı yerli sular “Sirab” və “Badamlı”dır. Bu da Naxçıvanın blokada vəziyyətində yaşaması, yol xərclərinin çox olması ilə bağlıdır. Ona görə də şirkətinizin digər istehsalçılarla müqayisədə rəqabətə davamlılığı yüksək deyil. İstehsal olunan məhsulu bazarda daha ucuz qiymətə sata bilmək üçün nə etmək lazımdır? Bu sahədə dövlətimizdən gözləntiləriniz və təklifləriniz nədir?
– Qeyd etdiyiniz kimi, Naxçıvan blokada şəraitində yaşayır. Ona görə də bizim istehsal etdiyimiz məhsulların, xüsusilə şüşə butulkalarda istehsal olunan məhsulların maliyyəti yüksək olur. Həm xammalın Naxçıvana gətirilməsi, həm də hazır məhsulun bazara çıxarılması uzun və bahalı prosesdir. Yol xərcləri, gömrük rüsumları məhsulların Azərbaycan bazarına digər sulara nisbətən daha baha qiymətə çıxarılmasına səbəb olur. Məhsulun qiymətinə 20 faizdən çox nəqliyyat xərcləri əlavə olunur. Doğrudur, biz keyfiyyət baxımından rəqabətə davamlıyıq. Amma maliyyət baxımından bazarda uduzuruq. Naxçıvan məhsulları üçün nəqliyyata dövlət tərəfindən subsidiya verilməsi gözlənilir. Bu subsidiya verilərsə, biz bazarda rəqabət qabiliyyətimizi daha da artırmış olacağıq. Hazırda biz Rusiyadan və Gürcüstandan idxal etdiyimiz xammala görə rüsum ödəmirik. Ancaq Türkiyədən və digər ölkələrdən idxal etdiyimiz xammala görə rüsum ödənilir. Naxçıvana gömrük rüsumlarında güzəştlər tətbiq olunarsa, istehsal etdiyimiz məhsulların maya dəyəri və bazarda satış qiyməti aşağı düşə bilər. Bu da xalqımızın daha keyfiyyətli su ilə təmin olunmasına şərait yaradar.

– Naxçıvanda satılan “Sirab” suyu ilə Bakıda satılan su arasında dad fərqi var. Buna görə, bəziləri “Sirab”ın Bakıda istehsal edildiyi ilə bağlı iddilar səsləndirirlər. Bunun səbəbi nədir?
– Doğru deyirsiniz, təəssüf ki, belə bir ictimai rəy formalaşdırılıb. Ötən 20 il ərzində belə düşünənlərin sayı xeyli azalıb. Ancaq yenə də “Sirab” suyunun başqa yerdə istehsal edildiyini deyənlər var. Mənə yaxın adamlar dəfələrlə hansısa ünvanlarda “Sirab” istehsal edildiyini deyiblər. “Sirab”ın bu zavoddan başqa istehsal edildiyi yeri bizə bildirənə böyük məbləğdə mükafat vəd etmişik. Amma hələ o “istehsal sahəsini” tapıb bizə göstərən olmayıb.

Bu fürsətdən istifadə edib saytınız vasitəsilə bu dad fərqinin səbəbini açıqlamaq istəyirəm. Şüşə butulkalardakı məhsullarda heç bir dad və keyfiyyət fərqi yoxdur. Ancaq plastik butulkalardakı qazlı sularda bu dad fərqi hiss olunur. Bizim istehsal etdiyimiz məhsullar Naxçıvanda bir həftə ərzində satılır. Nəqliyyat risklərinə görə, biz Bakıda böyük bir hazır məhsul anbarı yaratmışıq. Məhsul 10 gün ərzində gedib anbara yığılır, təqribən 10 gün anbarda, 10-15 gün də ticarət obyektlərində qalır. Bu su istehlakçıya çatana qədər 1-2 ay vaxt keçir. Bu müddətdə isə plastik butulkalarda dadda fərq yarana bilər. Şüşə butulkalar bağlandıqdan sonra heç vaxt qazı buraxmır. Ancaq plastik butulkalar özü tədricən qazı buraxır. Qapaqdan deyil, plastikin özü qazı buraxır. Düzdür, limiti keçmir, amma Naxçıvanda açılan butulka ilə Bakıdakı suyun qazında fərq olur. Bir sözlə, Naxçıvanda satılan su ilə Bakıda satışa çıxarılan məhsul eyni yerdə istehsal olunur, keyfiyyətində isə heç bir fərq yoxdur.
– Sonda oxucularımıza nə demək istəyirsiniz?
– Biz bu müəssisənin sahibkarıyıq. Amma “Sirab” xalqın suyudur. Xalqın suyunu xalqın özünə keyfiyyətli formada çatdırmaq üçün bundan sonra da var gücümüzlə çalışacağıq.
Müsahibəyə görə Namiq Novruzova təşəkkürmüzü bildirdikdən sonra bir xahiş etdik. İşçilərlə onların iştirakı olmadan görüşmək istəyimiz məmnuniyyətlə qəbul edildi. Zavodun işçiləri ilə söhbət zamanı onlar iş şəraitlərindən, göstərilən diqqət və qayğıdan xeyli razılıq etdilər. Sahibkar təvazökarlıq edərək bu barədə danışmamışdı. Məlum oldu ki, burda hər bir işçiyə xüsusi diqqətlə yanaşılır. Deməli, “Sirab”da işçilər iş şəraitindən narazıdır fikirləri də suyun Bakıda doldurulduğunun iddia edilməsi qədər absurddur.
Səhmdar Cəmiyyətin gələcək planları genişdir. Naxçıvanın yol problemi həll edildikdən sonra “Sirab” daha çox məhsul istehsal edəcək, daha çox ölkəyə məhsul ixrac olunacaq. Hətta gələcəkdə bu su ilə limonad istehsalı sahəsinin yaradılması barədə planlar da var.
Bu əvəzsiz təbii sərvət həm də Naxçıvanın tanıtımında əsaslı rol oynayır. Çünki “Sirab” bütün müalicəvi keyfiyyətləri ilə qədim Naxçıvan diyarını dünyada tanıda biləcək sərvətdir. Bu sərvəti brendə çevirməyə bacaran sahibkarlara isə dövlətimiz tərəfindən hər cür şərait yaradılır.
Tural Səfərov





















www.102info.az
